Türkiyənin “Bursaspor” komandasının baş məşqçisi Tamer Tuna bəzi legionerlərin maliyyə problemlərinə görə klubdan ayrılmasına münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, o, Azərbaycan yığmasının yarımmüdafiəçisi Namik Ələskərovun digər legionerlərdən fərqli, komandada qalmasına da toxunub:
“Komandalarda tez-tez əcnəbi futbolçularla bağlı problemlər olur. Hazırda düşərgədə olan 3 əcnəbi oyunçu komandaya can yandırır. Namik Ələskərov onsuz da bizdən biri kimidir. Amma Nikolas Salasar və Reagi Ofosunun ortaya xarakter qoyub komandanı sahiblənməsi mənim üçün çox önəmlidir. Xüsusilə çətin dönəmdə və toplanışda bu futbolçuların komanda yoldaşlarına motivasiya vermələri bizi gücləndirir. Onların heç biri əcnəbi kimi davranmır”.
Ötən ilin avqustunda “Bursaspor”a transfer olmuş Namik Ələskərov 1-ci liqa təmsilçisi ilə 2 illik müqabilə imzalayıb.