Fasilə bitdi, Premyer Liqa klubları mövsümün ikinci yarısına kubok matçları ilə start verdi. Dünən ¼ final mərhələsinin ilk iki oyunu baş tutdu. Nəticələrə baxsaq, cavab matçı öncəsi kiminsə aşkar üstünlük qazandığını deyə bilmərik.
“Qarabağ” ilin ilk qolunu vuran İbrahima Vadjinin sayəsində yarımfinala doğru önəmli addım atdı. Amma 1:0 böyük üstünlük sayıla bilməz. Kubokun sahibi “Keşlə”nin matça ciddi itkilərlə çıxdığını nəzərə alsaq, bu nəticəni hətta qonaqlar üçün qaneedici saymalıyıq. Transferlərin yubanması bir yana, heyətdəki oyunçuların da bir neçəsi zədə üzündən kənarda qalmışdı. Stanislav Namaşko, Aldair Neto və Felipe Santosun yoxluğunda bakılılar müqavimət göstərməyə çalışdı. Düzdü, meydan sahibləri çoxlu qol epizodları yaratdı, lakin komanda son dəqiqələrdə top buraxmadısa, bəxtə minnətdar olmalıdı.
“Qarabağ” adət etdiyimiz futbolu sərgilədi. Bununla belə, komandanın tam hazır olmadığı görünürdü. 15-ci turun “Neftçi ilə matçı, ardınca “Keşlə”ylə kubokun cavab oyunu ağdamlıların tonusa düşməsi üçün kifayət etməlidi. Çünki “Marsel”lə avrokubok matçları daha önəmlidi.
Günün ikinci matçı daha dinamik keçdi. Qış fasiləsindən sonrakı ilk oyunlar komandalara qiymət vermək üçün yetərli deyil, qənaət aldadıcı ola bilər. Bununla belə, matç “Sabah”ın qış fasiləsini daha yaxşı dəyərləndirdiyini göstərdi. İlk hissədəki üstünlüyü rəğmən, buraxılan qolun şokunu tez adladan qonaqlar fasilədən həmən sonra bərabərliyi təmin etdi. Daha rəngarəng oynayan qonaqlar hətta qələbəni də qopara bilərdi.
Heyətini ciddi şəkildə yeniləyən “Neftçi” oyun sisteminə də əl gəzdirmişdi. Dördlü müdafiəyə keçən Samir Abasov bunun sayəsində orta sahədə çoxluğa nail olmuşdu. Amma hərəkətlilik kifayət qədər deyildi, Eddi İsrafilov Mamadu Kanenin yoxluğunu unutdura bilmədi. Murad Musayev fasilədən sonra futbolçularının tapşırıqlarını dəyişib, kombinasiyalı oyunla hücumu cinahlara yaydı və rəqibin üstünlüyünü əritdi.
Heyəti gücləndirməyən “Sabah”da oyun sistemi pis oturdulmayıb. Komanda anlaşmanı yaxşılaşdırsa, nəticələr daha da qənaətbəxş olacaq. “Neftçi”də isə yenə nələrsə çatışmır. Yeni transferlərin adaptasiyası üçün zaman lazımdı, amma bu, bəhanə ola bilməz. Çünki gedənlərin əksəriyyəti onsuz da heyətə düşə bilməyənlər idi, gələnlər isə komandaya güc qatmaq üçün transfer edilib. Bütün bunları bakılıların çıxışında görmədik.
Qərar vermək üçün çox tezdi. Hələ ilk oyunlar başa çatıb. Bununla belə, xüsusilə “Neftçi” üçün kritik dönəmdi. “Qarabağ”la çempionat matçı, ardınca “Sabah”la cavab görüşü Abasovun taleyi baxımından həlledici ola bilər. Baxmayaraq ki, baş məşqçinin bəhanələri artıq hazırdı. Dünən Samir bəy mətbuat konfransında heyətin, oyun sisteminin yenilənməsindən, komandanı formalaşdırmaq üçün zaman lazım olmasından danışdı.
İkihissəli mərhələnin birincisinə legionerlər damğa vurdu. Onların qolları yarımfinala vəsiqələrin taleyini müəyyənləşdirməsə də, müəyyən təəssürat yaratdı. Masazırdakı oyun daha maraqlı olacaq.
FƏRİD