İtaliyanın “Cenoa” klubu hücumçusu Qoran Pandev ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, şimali makedoniyalı futbolçu bundan sonra karyerasını “Parma”da davam etdirəcək.
Bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 38 yaşlı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Qoran Pandev 2015-ci ildən “Cenoa”nın uğurları üçün çalışırdı. O, bu mövsüm bu komandanın heyətində 22 oyuna çıxmışdı. Genuya klubunun heyətində bütövlükdə 186 oyuna çıxan hücumçu, 32 qolla yadda qalıb. Təcrübəli forvard əvvəllər “Belasitsa”, “İnter”, “Spetsiya”, “Ankona”, “Latsio”, “Napoli” və “Qalatasaray” klublarında da forma geyinib. Şimali Makedoniya yığmasında 122 oyun keçirmiş forvard, 39 qol vurub.
“Cenoa” Pandevlə vidalaşsa da, heyətinə yeni oyunçular da cəlb edib. Belə ki, genuyalılar Niderlandın “Alkmaar” klubunun islandiyalı vingeri Albert Qudmundssonu heyətinə qatıb. 24 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb. Onun 11 nömrəli formanı geyinəcəyi açıqlanıb. İslandiya yığmasında 29 oyuna 6 qol vurmuş yarımmüdafiəçi, daha öncə PSV-də də forma geyinib.
İtaliya klubu danimarkalı yarımmüdafiəçi Morten Frendrupu da transfer edib. “Bröndbü”dən alınan 20 yaşlı futbolçu yeni komandasında 32 nömrəli formanı geyinəcək. O, Danimarka klubunda 93 oyuna çıxıb.
“Cenoa”nın heyətinə qatdığı oyunçulardan biri də Almaniya yığmasının üzvü Nadim Amiridir. 25 yaşlı yarımmüdafiəçi “Bayer”dən icarəyə götürülüb. O, daha öncə “Hoffenhaym”da da çıxış edib. Amiri Almaniya millisində 5 rəsmi oyuna çıxıb.