AFFA növbəti “quşqoyma mərasimi”nə yığışır. Hər il olduğu kimi, yenə ilin əvvəlində Nizamnamə ilə nəzərdə tutulan tədbir baş tutacaq, şablon çıxışlar səslənəcək, çəpik çalınacaq, eyni adamların yaşıl kartları havaya qalxacaq. Və sonda Elxan Məmmədov səhnəyə çıxıb gül atacaq, qaçıb özü tutacaq və bitəcək.

Təbii ki, mətbuat konfransı olacaq, icraçı vitse-prezident digər vitse-prezident Vaqif Sadıqovu yalanları təsdiqlətmək üçün yanında oturdacaq. Deyib-güləcək, yalançı vədlər verəcək və gedəcəklər. Beləcə AFFA-nın indiki rəhərliyi 14-cü uğursuz ili rəsmən yekunlaşdıracaq.

Bu illər ərzində futbolumuzun necə bərbad duruma düşməsi kimsənin vecinə deyil, eyni adamlar eyni yalanları ictimaiyyətə sırımaqla məşğuldu. Milli komandaların uğursuz tsikllərinə görə istefa verən yoxdu; yenə iş başında mütəxəssislər yox, marketoloqlar dayanıb; SOCAR-ın maliyyəsi havaya sovrulur; uşaq futbolunda böhran dərinləşir; milli komandamız reytinq cədvəlində ən diblərə doğru irəliləməkdədi.

Problemlərin müzakirəsi, çıxış yollarının axtarılması unudulub, bölgələrdə futbolun inkişafı yalnız sözdə yada düşür. AFFA rəhbərliyi isə Növbəti Hesabat Konfransının Gündəliyini hər il kopyalamaqla məşğuldu. Bu gün saat 10.00-da “Baku Marriott Hotel Boulevard” oteldə başlayan tədbir də fərqlənmir.

– Prezident tərəfindən iclasın açıq elan edilməsi;

– Konfransın tərkibinin yoxlanılması;

– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;

– Maliyyə hesabatlarının təsdiq olunması;

– Müstəqil auditorun hesabatını nəzərə almaq;

– Hər hansı vakant vəzifəyə seçkilər;

– AFFA üzvlərinin təkliflərinin qəbul olunması;

– Digər məsələlər.

Təbii ki, AFFA rəhbərliynin mətbuat konfransında sürpriz açıqlamalar olacaq, baş aldatmağa cəhd edəcəklər. Özlərini iş görürmüş kimi göstərmək üçün bəzi stadionlarda aparılacaq təmir işlərindən bəhs ediləcək, yeni sponsorun gəlişi elan olunacaq, artıq 5, ya da 6-cı dəfə yeni mövsümdən Premyer Liqada 10 komandanın olacağı vəd ediləcək və s. Hamısı görüntü xatirinə…

Tədbirə giriş dəvətnamə ilə olacaq. Media nümayəndələrinin Konfransda iştirakı məhdudlaşdırılııb. AFFA pandemiyanı bəhanə edərək jurnalistlər üçün bir neçə saatlıq qeydiyyat pəncərəsi açmışdı və bununla sayın az olmasına nail olublar. Öz toyları, öz musiqiçiləri, öz rəqqasları…

Daha ətraflı Konfrans bitdikdən, qərarlar açıqlanandan sonra yazacağıq. UEFA-dan, FIFA-dan gələn pulların AFFA rəhbərliyinə məxsus şirkətlər tərəfindən necə mənimsəndiyini, klubların keyfiyyətsiz olduğu üçün geri qaytardığı topların bölgələrə reklam kampaniyası çərçivəsində necə paylandığını, VAR-ın vəd olunan vaxtda gəlməməsinin səbəblərini və s…

CAVAD

Shares: