AFFA-nın bu gün keçirilən Hesabat Konfransında qurumun Maliyyə və Mühasibat Departamentinin 2021-ci il üçün hesabatı təqdim olunub. Futbolinfo.az xəbər verir ki, qurumun 2021-ci il üçün gəlir və xərcləri də açıqlanıb.
Bildirilib ki, ötən il qurumun büdcəsinə 26 milyon 636 min 579 manat vəsait daxil olub. Bu məbləğin 12 milyon manatı AFFA-nın baş sponsoru olan SOCAR-ın hesabına düşür. Vəsaitin 5 milyon 15 min 425 manatı UEFA-dan, 5 milyon 742 min 346 manatı milli komandanın yayım hüququndan, 2 milyon 923 min 188 manatı FİFA-dan, 47 min 200 manatı “Coca Cola”dan, 236 min manatı “Paşa Sığorta”dan, 16 min 874 manatı UNİCEF-dən, 123 min 900 manatı P&G-dan, digər 530 min 646 manat isə başqa mənbələrdən assosiasiyanın hesabına daxil olub.
AFFA-nın 2021-ci ildəki xərclərinə gəlincə, qurumun əsas fəaliyyət xərcləri 21 milyon 845 min 343 manat təşkil edib. Xərclərin 12 milyon 164 min 708 manatı milli komandalara sərf olunub. Bundan başqa, 3 milyon 896 min 672 manatı əmək haqqı və ezamiyyə xərclərinə, U-10-dan başlayaraq qız və oğlanlar arasında liqaların təşkilinə 753 min 145 manat, 1 milyon 634 min 388 manatı hakimlər və hakim-inspektorlara, 558 min 839 manatı təsərrüfat xərclərinə, 839 min 415 manatı oyunların təşkilinə, 122 min 462 manatı aviabilet və otel xərclərinə, 304 min 968 manatı nəqliyyat xərclərinə, 153 min 730 manatı kommunal və rabitə xərclərinə, 61 min 28 manatı təhsilə, 126 min 32 manatı Marketinq və Sponsorluq Departamentinə, 315 min 754 manatı “Elit Məşq”, 59 min 621 manatı “Futbol dərsi” layihəsinə, 545 min 902 manatı “COVİD -19” pandemiyasının təsiri ilə əlaqədar, 308 min 509 manatı isə digər xərclərə ayrılıb. Bundan sonra 4 milyon 791 min 236 manat qalıq qalıb.