“Zirə”ni indidən yarımfinalçı saymaq olar. Dünənki “Səbail”i hətta möcüzə də xilas edə bilməz. Məsələ təkcə hesabda deyil, “Səbail”in real gücü göz önündədi. Hazırkı heyətlə komandanın mövsümü son pillədə bitirəcəyi dəqiqdi, kubokda isə nəyəsə ümid etmək yalnız özünü aldatmaq olar.

Ölkə kubokunun ¼ final mərhələsinin ilk oyunlarından sonra ən yaxşı vəziyyətdə olan məhz “Zirə”di. Komanda 4:0 hesablı qələbə qazandı, yeni transfer Hamidu Keyta debütdəcə qol vurdu – bütün bunlar Rəşad Sadıqovu sevindirməlidi, lakin “Səbail”lə oyun ölçü olmamalıdı. “Zirə”nin mövsümün ikinci yarısına nə qədər hazır olduğu bir neçə matçdan sonra bilinəcək. Xüsusilə mərkəz müdafiəçisi mövqeyinə yeni futbolçu alınmalıdı, heyət yetərsizdi.

“Qartallar” yəqin ki, oyundan oyuna artıracaq, amma digər matçlar göstərdi ki, rəqiblər də boş dayanmayıb, hamı güclənmək üçün nələrsə edib. Xüsusilə avrokuboklara vəsiqə uğrunda azı 5 komanda arasında gərgin mübarizə gedəcək. Kənarda qalan yeganə komanda olmamaq üçün qəsəbə təmsilçisi arxayınlaşmamalıdı.

“Səbail” hamının yadından çıxmış komanda təsiri bağışlayır. Heyət gücləndirilməyib, əksinə, gedənlərin çoxluğu vəziyyəti bir az da qəlizləşdirib. Aftandil Hacıyevin məşqçi bacarığı kolektivi xilas etməyə yetməyəcək. Gənclər ümidverici deyil, heyətdəki təcrübəlilərin qatarı çoxdan gedib. Bəlkə də bir neçə oyunda sürpriz etmək mümkün olacaq, amma “Səbail” son pillədə qərarlaşmağa əsas namizəddi. Kubokda cavab matçı isə formallıqdan başqa bir şey olmayacaq.

“Qəbələ”nin ilk hissədəki oyunu daha yaxşı alındı. Komanda mövsümün ilk yarısında yaxaladığı çıxış qrafikinə sadiqdi. Bununla belə, matçın sonunda başverənlər Elmar Baxşıyev üçün siqnal olmalıdı. Baş məşqçi yanlış əvəzetmələrlə təşəbbüsü rəqibə verdi və “Sumqayıt”ın azacıq bəxti gətirsəydi, oyunu çevirə bilərdilər. Səfərdə qələbə qazanılsa da, cavab matçında hər şeyin dəyişməsi mümkündü. Nəticəni əyalət təmsilçisinin cavab matçına yanaşması həll edəcək.

Aleksey Baqa debüt oyununda məğlub oldu və ilk işi futbolçuları fərdi səhvlərə görə qınaması oldu. Sanki məşqçi hər şeyi doğru etmişdi, sadəcə, futbolçular bacarmadı. Halbuki belaruslunun “Sumqayıt”ı dirçəldə bilməməsi aşkar görünür. Komanda matç boyunca rəqibin təklif etdiyi templə ayaqlaşmağa məcbur oldu, yalnız son 10 dəqiqədə təşəbbüsü ələ aldı. Baqa böyük uğurlar qazanmış heyətə əlavələr etsə də, komandanı böhrandan çıxara bilməyib. Bu gedişlə növbəti matçlar daha pis olacaq. Adətən məşqçi dəyişikliyi komandaya müsbət mənada təsir edir. Baqa isə ilk matçdaca uduzmaqla gələcək uğusuzluqların siqnalını verdi.

Beləliklə, kubokda ilk matçlar yekunlaşdı. “Zirə”ni yarımfinala vəsiqə qazanması münasibəti ilə indidən təbrik etmək olar, “Qarabağ”la “Qəbələ” də ciddi üstünlük qazanıb. Lakin hər şey cavab matçının final fiti veriləndən sonra dəqiqləşəcək.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp