Hər şey ssenariyə uyğun davam edir. AFFA Növbəti Hesabat Konfransını da yola verdi, “quşlar” qoyuldu. Təmtəraq öz yerində, hesabatlar verildi, şəpiklər çalındı. İdman nəticələrinin bərbadlığı müzakirə mövzusu olmadı, özləri elan edib, özləri bəyəndilər.

Hesabatlar verildi, detalları gizli saxlanıldı. Zatən, araşdırsan, heç nəyi aşkarlamaq mümkün deyil, hər şey sənədləşdirilib. Bir cibdən obirisinə – alan razı, satan razı.

Məsələn, FIFA-dan gələn pul AFFA məmurlarının şirkətləri vasitəsi ilə istiqamətlər üzrə xərclənib. Daha uyğun variantlar axtarmaq, daha səmərəli işlər görmək mümkün idi, amma bunda maraqlı olan varmı? Klubların stadionlarının qazonlarına kim qulluq edir? Eyni şirkət! Pul haradan gəlir? Beynəlxalq qurumlardan! Daha ucuz, daha keyfiyyətli iş görəni tapmaq kiminsə marağındadımı? Qətiyyən! Hamı razıdısa, özləri bilər, bazar olsun.

Hesabat Konfransında gözlənilən, proqnozlaşdırılan vədləri eşitdik. İcraçı vitse-prezident Elxan Məmmədov 99-cu dəfə vəd etdi ki, növbəti mövsümdən Premyer Liqada 10 komanda çıxış edəcək. Amma bunu rəsmi qərarda gördükmü? AFFA İcraiyyə Komitəsinin qərarlarında belə bir bənd yoxdur. Məmmədov öz reklamı ilə məşğul oldu, danışdı, amma detalları açıqlamadı. Hər il müxtəlif səbəblərdən lisenziyalaşdırma tələblərini yerinə yetirə bilməyən klublardan kimin buna şansı olduğunu yəqin ki, yalnız Məmmədov bilir. Qərar divizionda idman nəticələrinə görə yox, kabinet müzakirələrində dəqiqləşəcək.

Konfransda diqqətçəkən başqa məqamlar da oldu. Məsələn, AFFA prezidenti Rövnəq Abdullayevin çıxışından aydın oldu ki, idman nəticələrinin yaxşı olmamasının fərqindədi: “Qarşıda bizi gözəl işlər gözləyir. Futbolun inkişafı naminə yeniliklərə imza atacağıq. Çətin dövr olsa da, AFFA, futbol ictimaiyyəti futbolun geridə qalmaması üçün əllərindən gələni etdi. İctimai fondlar hər bir bölgənin öz komandalarına yiyələnməsi anlamına gəlir. Hər bir sakin öz komandasının oyununa getməlidir. Onlar bu istiqamətdə bir addım atsalar, biz iki addım atacağıq”.

Əvəzində MOK-un vitse-prezidenti Çingiz Huseynzadə fərqli açıqlama verdi: “Hər bir federasiyanın fəaliyyətində iki əsas məsələ var: təşkilati fəaliyyət və idman nəticələri. AFFA-nın nailiyyətləri ötən ildən daha yaxşı olub. Həm təşkilati cəhətdən uğurlar olub, həm də “Qarabağ” avrokuboklarda uğurlu çıxış edir. “Qarabağ”ın nəticələrini və federasiyanın işini alqışlayırıq. 2017-ci ildə Bakıda İslam Oyunları keçirildi və Azərbaycanın futbol yığması qalib oldu. AFFA-nın uğurları xalqı sevindirir. Futbol maraqlı, ən kütləvi idman növüdür. Ümid edirəm ki, azarkeşlər Azərbaycan millisinin yüksəlişini görəcəklər”.

Doğrusu, belə bəy tərifini yəqin, Rövnəq bəy özü də gözləmirdi. Bəlkə də ürəyində “görəsən bizi deyirmi” deyə fikirləşdi. Amma Hüseynzadələr məhz qatığa “qara” dedikləri üçün illərdi yüksək postlardadı.

Bu açıqlamada siyasi jest də var idi. Çingiz bəy AFFA-nın konfranslarında heç də həmişə görünməzdi, əvəzində gənclər və idman naziri daim başda oturardı. Bu dəfə fərqli mənzərəni gördük. Fərid Qayıbov nazir postuna gələn kimi Hüseynzadənin kadrlarını vəzifədən uzaqlaşdırdı, müavinəri dəyişdi. Özü də AFFA-nın tədbirinə gəlməməklə futboldakı durumdan narazılığını ifadə etdi. AFFA isə müharibə dövrünün tələbinə uyğun olaraq yeni müttəfiq tapdı, MOK-a əl uzatdı.

Qayıbovun bu davranışı İcraiyyə Komitəsinin qərarında da cavablandırıldı. Bəndə diqqət edək: “Gənclər və İdman Nazirliyi ilə razılıq əldə olunduqdan sonra AFFA tərəfindən Gəncə şəhər stadionunun mərhələli şəkildə inşasına başlansın”.

Bu cümlədə nazirliyi şantaj cəhdi var. Sanki AFFA Gəncə stadionunu təmir etmək istəyir, nazirlik imkan vermir. İdman qurğusu AGİN-in balansında olduğundan bu atmaca yerində işlənib, ya qurum özü təmirə başlamalı, ya da arenanı AFFA-ya bağışlamalıdı. Zaman keçsin, işlər yubansa, gəncəli azarkeşlər nazirliyin üstünə qaldırılacaq.

İK-nın ilk qərarı Tural Piriyevin çoxdan təsis olunmuş “Futbolun İnkişafı Fondu”na (FİF) icraçı direktor təyin olunmasıdı. Qurum aktiv fəaliyyətə hazırlanırsa, deməli, planlar hazırdı. AFFA futbolun biabırçı durumunda nələrsə etməyə məcburdu və qurumun indiki səriştəsiz rəhbərliyi kisənin ağzını açmaqla iş görüntüsü yaradır. Yəqin ki, dövlətdən müəyyən vəsait alınacaq, SOCAR ianələr edəcək, “Misli.com” və sair şirkətlər fonda pul köçürməyə məcbur ediləcək. Daha sonra bu pullar müəyyən klublara yönəldiləcək. Premyer Liqada komandaların say artımı, Region Liqası təmsilçilərinin diviziona gətirilməsi bu planın tərkib hissəsidi.

İşlər düzgün görüləcəksə, alqışlamağa dəyər. Zatən oliqarxlar futboldan qovulandan bəri bu sistemin oturdulması, hamını bir ələ baxması planı işlənirdi, indi reallaşdırmağa çalışırlar.

Büdcə yenə Elxan Məmmədovun əlində olacaq. Piriyev formal fiqurdu, Elxan bəy özü üçün əlavə imkanlar açır. Həqiqətən futbolun inkişafına xidmət edəcək plandısa, olsun. Amma Məmmədovun olduğu yerdə inkişafla bağlı düşüncələr bir az utopik səslənir.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp