“Misli.com” Azərbaycan futbolu üçün birşeylər etməmiş ondan faydalanır. “Azərlotereya”nın bir qolu kimi mərc dünyamıza daxil olan şirkət dünən bu niyyətini göstərdi. Hələ ölkə idmanına heç bir yatırım etməyiblər, amma ölkənin fəxri olan klubun yaratdığı imkanlardan yararlanırlar.

Dünən baş tutan “Marsel” – “Qarabağ” oyununda “Misli”nin reklamı ekranı bəzəmişdi. Zatən günlərdi ekranları “işğal edən”, narıncı inqilabın tərənnümçüsü kimi gözə batan bu şirkət Konfrans Liqasının matçında özünə yer etmişdi. Matç boyunca ekranda dəfələrlə bir neçə saniyəlik görünən “Misli” ənənəvi banerdən faydalanmırdı. Hiss olunurdu ki, sanki zaman məhdudiyyəti var və ya onlara yalnız bu qədər azadlıq verilib.

“CBC Sport”da daha öncəki günlər yayımlanan Çempionlar Liqası, Avropa Liqası matçlarında “Misli”nin reklamı görünməmişdi. Yalnız “Qarabağ”ın oyununda bu reklamın görünməsi şübhə yaratdı. “Marsel”lə matçın daha geniş auditoriyaya təqdim olunması üzündən sanki reklamçılar fürsət qazanmışdı. Və onlar bu imkandan maksimum faydalandılar. Həm də niyyət sanki məhsulu təqdim etmək deyildi, “Misli” sözü beyinlərə yeridilirdi.

Doğrusu, bu reklamın UEFA bayrağı altında keçirilən oyunda nümayiş olunması maraqlı məqamdı. Bildiyimiz qədəri ilə UEFA kənar reklamlara qadağa qoyur, avrokubok matçlarında yayımçı telekanallara, iştirakçı klublara belə imkan yaratmır. Bu baxımdan “Misli”nin reklamı “CBC Sport”un fürsətcilliyi təəssüratı yaratdı.

Belə olduğunu iddia etmirik, tərəflərə tribuna verməyə hazırıq. Sadəcə, UEFA-nın iş prinsipini bildiyimizdən belə olduğunu düşünürük. Qrup matçlarında, xüsusilə 1/16 final görüşündə tələblər, nəzarət daha sərt olur. Hər saniyənin böyük maliyyəylə ölçüldüyü görüşdə belə reklamın təqdim olunması maraq doğurur.

Konfrans Liqası UEFA-nın ən zəif yarışı olduğundan bəlkə də bu turnirdə qurumun mövcud paketindən kənar reklamlara icazə verilir. Amma belə olsaydı, “CBC Sport” fürsətdən daha yaxşı faydalanardı, oğrun-oğrun iş görməzdi.

Məsələni araşdırırıq, UEFA-ya göndərdiyimiz rəsmi sorğunun cavabın gözləyirik. “Azərlotereya” və “CBC Sport”un da mövqeyini işıqlandırmağa hazırıq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp