Fevral “Sabah”ın taleyinin həll olunduğu ay ola bilər. Önəmli matşları sıralanan bakılılar avrokuboklara getmək ümidlərin bu ay ya dəfn edəcək, ya da dirçəldəcək.
Murad Musayev barədə təmtəraqlı sözlər çox söylənildi, az qala xilaskar məşqçi kimi təqdim edildi. İnsaf naminə, “Sabah”a gəlişindən sonra komandası pis oynamır, nəticələr də xeyli yaxşılaşıb. Lakin mövsümə diqqət yetirsək, komandanın yüksəlişini təkcə onun adına bağlamaq olmaz. Paytaxt klubu böhrandan İqor Ponomaryovun müvəqqəti baş məşqçi olduğu vaxt çıxmışdı, rusiyalı da davamını gətirdi.
Kəsəsi, “Sabah”ın normal heyəti, imkanları var. Sadəcə, bu komandaya Visente Qomesdən, Ramin Quliyevdən azca bacarıqlı olan məşqçi lazım idi ki, indiki nəticələr qeydə alınsın. Musayevin əvəzinə Tərlan Əhmədov, Ayxan Abbasov və ya hər hansı işiylə az-çox tanınan məşqçi də olsaydı, komanda yüksəlişə keçəcəkdi. Murad bəy həqiqətən aldığı yarım milyon dollar illik maaşa layiq olduğunu daha artığını bacarmaqla göstərməlidi. Bacarırmı?
“Sabah” kubokda “Neftçi”yə uduzub əsas avrokubok şansını əldən verdi. Dünən “Zirə”yə məğlubiyyət isə komandanın çempionat yolu ilə arzusuna çatmaq perspektivinə də zərbə vurdu. Artıq bu komandadan 8 xal geri qalan “Sabah”ın əsas ümidi 4-cü pilləyə qalxmaqdı. Ən yaxında olan “Neftçi”yə çatmaq üçün isə elə növbəti turda bu komandanı yenmək lazımdı. Əks halda, komandanın ümidləri əhəmiyyətli şəkildə azalacaq.
“Sabah”ın hazırlıq dönəmi bitdikdən sonra transferləri sıralaması isə komandanı bir qədər də yükləyib. Hədəflərə çatmaq üçün bu oyunçular daha öncədən gətirilməliydi, əsas oyunlar uduzulduqdan sonra gələnlər formaya düşüncə qatar getmiş olacaq.
Turun dünənki bağlanış matçı Musayevin məşqçi bacarığına da kölgə saldı. Rəşad Sadıqov daha zəif heyətlə sırf taktiki gedişlərdə, oyunu düzgün qurmaqda, beyin işində üstün olduğu üçün həmkarını yendi. “Zirə” rəqibinə oynamaq imkanı vermədi, özü isə lazım olan məqamlarda daha yaxşı oynayıb qollarını vurdu. Rusiyalı mütəxəssis buna qarşı tutarlı heç nə ortaya qoymadı. “Neftçi” ilə fevralın 27-dəki matç Murad bəy üçün imic mübarizəsi olacaq. Xal fərqi artsa, avrokubok ümidləri erkən dəfn olunacaq. Ondan sonrakı 11 tur potensial 33 xal deməkdi, lakin rəqiblərin də əli armud toplamayacaq, yarışdan qopmamaq üçün ayılmaq lazımdı.
“Qarabağ” – “Sumqayıt” oyununun təxirə salıdığı tur digər liderlər üçün də ev qələbələri ilə bitdi. “Qəbələ” “Səbail”lə matçda çətinlik çəksə də, yekunda istədiyini həll etdi. Maraqlıdı ki, bölgə təmsilçisini qocaman Asif Məmmədov rahatlatdı. Zədəli olduğundan ehtiyatda qalan yarımmüdafiəçi həlledici qol ötürməsi ilə qonaqların müqavimətini qırdı, daha sonra ağrılara dözə bilməyib oyundan alındı. Premyer Liqada 2-ci pillədə gedən komandanın 36 yaşlı birindən asılı olması heç də xoş mənzərə deyil.
“Neftçi” də layiqli qələbə qazandı. “Keşlə” ilə oyunda fasiləyədək işi bitirən meydan sahibləri kubokdakı uğurun davamını gətirib rahat nəfəs aldı. Heyət zəngilnliyi doğru rotasiyalara imkan yaratmışdı, ümidi doğrultmayanların yerini tutanlar qələbədə mühüm rol oynadı. Nəticənin belə alınmasında qonaqların da “əməyi” az olmadı. Klubdaxili problemlər üzündən xaosun hakim olduğu “Keşlə” asan təslim oldu. Klubda rəhbərliyin varlığı hiss olunmur, baş məşqçi isə bacarıqsızlığını çoxdan isbatlayıb. Hər çey qaydasında olsaydı, normal heyəti olan bu komanda istənilən rəqiblə başabaş futbol oynayar. Amma Samir Abasov Sənan Qurbanovu əli cibində yenməyi bacardı.
Qarşıda 12 tur qalıb. Hazırkı mənzərə avrokuboklara vəsiqələrin böyük ölçüdə həll olunduğunu göstərir. Kubokda yarımfinala qalanlar hazırda ilk “dördlük”də qərarlaşanlardı. Yalnız “Sabah” kiminsə kefini poza bilər, o da inandırıcı görünmür. Təbii ki, nəzəri cəhətdən hər şey mümkündü, amma reallıq belə deyil. Komandaların, məşqçilərin potensialını nəzərə alsaq, bizi böyük sürprizlərin gözləmədiyini deyə bilərik.
FƏRİD