Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab görüşlərinin üstündən 10 gün ötsə də, AFFA İntizam Komitəsi qərarlarını açıqlaya bilmir. Xüsusilə “Sabah” – “Neftçi” matçında başverənlərə hüquqi qiymət vermək qurum üzvləri üçün çətindi.
Məsələni qəlizləşdirən məhz Masazırdakı matçdan sonra başverənlərdi. Hakim səhvlərinin bol olduğu qarşılaşmadan sonra AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik də nəsibini alıb. Deyilənlərə inansaq, avstriyalı qarşılaşmadan sonra döyülüb. Ona kimin xəsarət yetirdiyi AFFA-dakılara məlumdu, lakin faktı gizlətməyə çalışırlar. Çünki cəza verməyə hünərləri çatmır.
İntizam Komitəsinin qərarlarının yubanması da bununla bağlıdı. Komitənin yığışmaq üçün vaxtının olmamasını bəhanə edə bilməzlər – qurum fevralın 18-də bir araya gəlib, müxtəlif liqalarla bağlı qərarlar qəbul edilib. Yalnız kubok matçları müzakirəyə çıxarılmayıb ki, bu da olayların həddindən artıq böyük olmasıyla bağlıdı. Əks halda, indiyədək qərarlar elan edilərdi. Hazırda koronavirusa yoluxdiğu üçün karantində olan icraçı vitse-prezident Elxan Məmmədovun sağalmasını gözləyir, qərarı birbaşa onun göstərişinə uyğun vermək istəyirlər.
Bu həftə komitə nəhayət, sanksiyaları açıqlamalıdı. Çünki Premyer Liqada da bir tur oynanılıb və qərarları yubatmaq mümkünsüzdü. Bu həftə Masazırda daha bir “Sabah” – “Neftçi” dueli var. Həmin oyunöncəsi bu rəqiblərin kubokdakı duelinə hüquqi qiymət vermək vəziyyəti bir az da gərginləşdirəcək.