“Qəbələ” və “Keşlə”nin baş məşqçiləri Elmar Baxşıyevlə Sənan Qurbanov AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarında iştirak edirlər.
Futbolinfo.az xəbər verir ki, kurslara sözügedən mütəxəssislərlə yanaşı, “Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov, “Sumqayıt”ın Futbol Akademiyasına və əvəzedici komandasına rəhbərlik edən Hakan Sünal da qatılıb.
İlk gündə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Firuz Abdulla “Sosial mediada ünsiyyət”, “Futbolun İnkişafı Fondu”nun (FİF) icraçı direktoru Tural Piriyev “Marketinq və komandanın idarə edilməsi” mövzusunda mühazirə oxuyublar.
Fevralın 22-dək davam edəcək kursda iştirakçılara AFFA-nın baş həkimi Vyaçeslav Xomenko “İdman tibbindəki yeniliklər və futbolçuların tez-tez rastlaşdıqları zədələr”, AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik isə “Oyun qaydaları, yeniliklər” və VAR protokolu ilə bağlı seminar keçəcək.