“Zirə”nin futbolçusu Ruslan Abışovun futbolinfo.az saytına müsahibəsi

  • “Zirə” son matçlarda çox inamlı təsir bağışlayır. Hem kubokda mərhələ adladınız, həm çempionatda qələbə var. Ümumiyyətlə, bu uğurun sirri nədir?
  • Hər şeydən əvvəl bizim çox yaxşı kollektivimiz və tələbkar məşqçimiz var. Hamı komandamızın uğur qazanması üçün var gücü ilə çalışır. Məncə, əsas səbəb budur.
  • Komandanın əsas hədəfi nədir və səncə, buna nail ola biləcəksiniz?
  • Komandamızın əsas hədəfi mövsümü titulla başa vurmaqdır. Lakin fikir verirsinizsə, bizim komanda titula kor-təbii oyunla nail olmaq istəmir. “Zirə”də əsas hədəf bəlli bir oyun sistemi yaratmaq və eyni zamanda uğurlu nəticə qazanmaqdır. Çünki avrokubok matçlarında komandaya bu daha çox fayda verir.
  • Bu gün “Zirə” ikinciliyə ən real namizəd görünür. Mövsümün sonunda turnir cədvəlində bunu görmək üçün nə lazımdır?
  • Bunu zaman göstərəcək. Komandamız bacardıqca daha yaxşı nəticələrə nail olmaq istəyir. Bunun üçün arxayınlaşmadan çox çalışmaq lazımdır
  • Təcrübəli futbolçu kimi çempionatdakı hazırki durumu və komandaların ümumi vəziyyətin, mübarizəni necə dəyərləndirirsən?
  • İndiki durumda bütün komandalar var gücləri ilə mübarizə aparır. Avrokuboklar uğrunda ciddi rəqabət var. Çempionatımız həmişəki kimi gərgin və maraqlı keçir.
  • “Zirə”də demək olar ki, meydana çıxmırsan. Özünü narahat hiss etmirsən buna görə?
  • Karyeramda yeganə komandadır ki, oynamasam belə heç bir narahatlıqdan söhbət gedə bilməz. Mən bu klubda, bu kollektivdə özümü çox yaxşı hiss edirəm. Missiyam baş məşqçimə, komanda yoldaşlarıma əsasən də gənc futbolçularımıza dəstək verməkdir. Buna baxmayaraq var gücümlə məşq də edirəm ki, mənə ehtiyac yaranacağı halda meydanda ehtimadı doğrulda bilim.
  • Rəşad Sadıqovla komanda yoldaşı olmusan, millidə uzun illər birgə oynamısız. Onu baş məşqçi kimi necə dəyərləndirirsən? Səncə, futbolçu Rəşadla, baş məşqçi Rəşad arasında hansı fərqlər var?
  • Özünüz də Rəşad Sadıqovu yaxşı tanıyırsız. Daim öz üzərində işləyir, hər gün məşqçilik savadını artırmaqçün nəysə edir. Böyük hədəfləri var. Dayanmadan çalışır. Günün böyük hissəsini komandanın bazasında keçirir. Futbolçu kimi necə ambisiyalıydısa, məşqçi kimi ondan 3 qat daha istəklidir.
  • Ümumiyyətlə, onunla komandanın məşqlərindən kənar görüşləriniz olurmu? Futbolun ümumi durumu, milli komanda və Azərbaycan futbolu haqqında danışırsız?
  • Əlbəttə, hərdən danışırıq. Futbol mövzusu elədir ki, başladısa bitmək bilmir. Biz hamımız ölkə futbolunun inkişafını istəyirik.
  • Səncə, Azərbaycan çempionatında bu mövsüm hansısa komanda “Qarabağ”a çata bilərmi?
  • “Qarabağ”a çatmaq yaxın gələcəkdə real görünmür. “Qarabağ”ın stabil oyun sistemi var. Nə qədər ki bu sistem digər komandalarda olmayacaq, məncə, “Qarabağ”a çatmaq çətin məsələdir.
  • Bir də son sual “Qarabağ” “Marsel” səddini keçə biləcək? Bu barədə düşüncələrin nədir?
  • “Marsel”in gücü hamıya məlumdur. “Qarabağ” mərhələni keçsə də, keçməsə də, qəhrəmandır. Çünki onlar Azərbaycanı Avropada olduqca yaxşı təmsil edirlər.

AĞA

Shares: