“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-offu çərçivəsində Marsel “Olimpik”inə (Fransa) qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hiss olunur ki, oyuna böyük ajiotaj var. Qış aylarından sonra Azərbaycanda avrokubok oyunu keçirilməmişdi. Azarkeşlərimiz də çox istəklidir. Bizə güvəndiklərinə görə hər birinə təşəkkür edirəm. Rəqibin çox yaxşı baş məşqçisi və oyun üslubu var. İlk matça kimi də onları təhlil etmişdik. Düşündüyümüzün çoxunu meydanda gördük və ona qarşı düzgün oynadıq. Səfərdə bu komandanı daha yaxından tanıdıq. Futbolçularıma da demişəm ki, burada daha yaxşı oynamalıyıq. Azarkeşlərimiz yaxşı oyumuzla istirahət etsinlər, hər şeyi bir anlıq da olsa unutsunlar. İnşallah, bunu bacararıq. Rəqibimiz son çempionat görüşündə uduzub. İstər-istəməz bizi ciddiyə alacaqlar. Bu amil bizə mane ola bilər. Amma futbolçularımın ən yaxşı oyunlarını göstərəcəyinə inanıram”.

Baş məşqçi sabah 90 dəqiqədə minimum 2 top fərqli qələbə qazanmağa ehtiyacları olduğunu söyləyib: “Son vaxtlar komanda ilə ümumi teoriyalarımızda fərqli yanaşırıq. Daha irəli getmək istəyiriksə, əsas yolumuz olmalıdır. Bu da daim yaradıcı və hücum futboludur. Həm “Qarabağ”, həm də Azərbaycan futbolu üçün belə bir addım atmaq istəyirəm ki, futbolçularda özünəinam olsun. Xüsusən də, yerlilərdə. Hər oyuna bir yox, bir neçə qol vurmaq üçün çıxırıq. Əlbəttə, asan yol deyil. Azərbaycan futbolu üçün, bəlkə də, ən çətin yoldur. Qarşımıza belə məqsəd qoymuşuq. Rəqibin kimliyindən asılı olmayaraq, riskə gedəcəyik. Kollektiv şəkildə çox güclü komanda ilə qarşılaşağıq. Nə qədər riskli olsa da, qol vurmaqla yanaşı, buraxmamaq barədə də düşünməliyik. Azarkeşlərimizin futbola inamını qaytarmaq istəyirik. Onlar komandalarımızın uğurunu çox arzulayırlar. Bunun üçün yolumuz, xarakterimiz olmalıdır. İnanıram ki, bu xüsusiyyətləri daha da sürətləndirəcəyik. Sabah da meydana qollar vurmaq üçün çıxacağıq. Eyni zamanda qol buraxmamağı da düşünməliyik. Belə addımları daha ciddi rəqiblərə qarşı futbolçulara aşılayanda, işimiz daha da sürətlənər. Sabah qarşımızda başqa rəqib olsaydı belə, eyni fikirdə olacaqdıq. Rəqib nə qədər imkan yaradacaq, biz nə qədər təzyiq edəcəyik, bunları oyunun gedişində görəcəyik”.

Qurbanov səfər matçında gürcü qapıçı Luka Quqeşaşvilinin yol verdiyi kobud səhvlərə də münasibət bildirib: “Futbolçularımın səhvini açıq şəkildə müzakirə etməyi və üzərlərinə getməyi xoşlamıram. Onunla söhbətimiz olub. Lukanın üstün cəhətlərindən biri soyuqqanlı olmasıdır. Bunlar texniki səhvlərdir, heç kim sığortalanmayıb. Avropada elə qapıçılar elə səhvlər edir ki, bağışlanılmazdır. Biz belə oyunlarda nadir hallarda iştirak etdiyimiz üçün qlobal məsələyə çevrildi. Təkcə bu oyunda yox, əvvəllər də Luka ilə söhbətlərim olub. Hər bir futbolçunun stabilliyi üçün bütün turnirlərdə iştirakı vacibdir. Bu səhvləri daha istəkli, yaxşı məşqlərlə aradan qaldırmaq olar. Futbolçularımız neçə illərdir təcrübə toplayıblar. Quqeşaşvilinin də buna ehtiyacı var. Ona çox irad bildirmədim, üzərinə getmədim. Söhbətimiz oldu, onu psixoloji cəhətdən sabahkı oyuna hazırlamağa çalışdım. Mən ona inanıram. O da fikir edir. Qələbədə pay sahibi olmaq istəyir. İnanıram ki, tezliklə səhvlər aradan qaldırılacaq. Qapıçı səhvi həmişə daha çox müzakirə olunur”.

Shares: