Fransanın “Olimpik” (Marsel) komandasının baş məşqçisi Xorxe Sampaoli Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, argentinalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bir ilə yaxındır ki, buradayam. Həmişə eyni üslubda çıxış etmişik və buna sadiq qalmışıq. Mənim əsas məqsədim komandanın inkişafıdır. Biz daha çox çalışmalıyıq ki, komanda inkişaf etsin. Son qarşılaşmada iki qol buraxdıq. Göstərdiyimiz oyun hesabda özünü əks etdirmədi. Bəlkə də ən yaxşı matçlarımızdan birini sərgilədik”.
Argentinalı baş məşqçi futbolçuların yorğunluğunu başa düşdüyünü söyləyib: “Amma buna baxmayaraq sabah ən yaxşı futbolçulara güvənəcəyəm. Çətin qarşılaşma olacaq, amma mərhələni keçməyə çalışacağıq”.
O, “Qarabağ”ın hücum futbolu sərgilədiyini vurğulayıb: “Rəqibin heyətində yığma komandanın bir neçə oyunçusu var. Onlara qarşı hansısa tədbirlər görməyə çalışacağıq”.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya saat 21:45-də start veriləcək. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.