Dünən AFFA-nın rəsmi saytında yeni xəbər paylaşılıb. Xəbərin ilk cümləsi bütünlüklə mahiyyəti özündə əks etdirir: “AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İsveçrənin Sürix şəhərində, FIFA-nın mənzil-qərargahında beynəlxalq futbol təşkilatının prezidenti Canni İnfantino ilə görüşüb”.

İkinci cümləni oxumadan “Cəhənnəmə ki” demək istəyirsən. Məmmədovun personası o qədər kirlənib, niyyəti o qədər bəllidi ki, başqa ifadəyə ehtiyac duymursan. Doğru qənaətə gəldiyini xəbərin davamını oxuduqca anlayırsan.

İnfantinoyla xüsusi əhəmiyyət kəsb etməyən görüş niyə belə tirajlansın ki? Yoxsa quyruq qapı arasındadı və bu illər ərzində hər cür qulluğunda durduqları adamı stend önünə çağırıb şəkil çəkdirməkdə başqa məqsəd var?

Bəli, var. SOCAR-dakı məlum dəyişikliklərdən sonra AFFA-ya ayrılan maliyyə dayandırılıb, yoxlamalar aparılır, 14 ilin çirkli işlərinə işıq tutulur, islahatlara hazırlıq görülür. Və Elxan bəy İsveçrəyə qaçıb, həm reklam xarakterli fotosessiya edir, həm də bizim rəhbər dairələrə təsir etmələri, lazım olsa, hədələmələri üçün şərikləri ilə məsləhətləşmə aparır. Mesaj həm də konkret olaraq iqtisadiyyat naziri, futbolu əhatə dairəsinə salacağı deyilən Mikayıl Cabbarovadı. Məmmədov demək istəyir ki, beynəlxalq qurumlar məni tanıyır, sən də yeni komandan üçün məni seç, mənə toxunma, bütün pisliklərimə göz yum, səni də öz yaratdığım xarabalıqda boğum.

Məmmədovun iki gündü özünü gündəmə gətirməsi təsadüfi deyil. Gənclər və idman naziri Fərid Qayıbov son günlər “Qarabağ”ın düşərgəsindən əl çəkmir, özünü idman tariximizin ən uğurlu komandası ilə reklam edir, hətta konsert proqramı düzənləyib bayram tədbiri hazırlayır, “Marsel”lə oyunlardan yararlanır. Elxan bəy kölgədə qalmamaq üçün fərqli PR aksiyaları keçirir, varlığını göstərmək istəyir.

İki gün öncə Məmmədov yubilyar Asim Xudiyevlə şəkil çəkdirdi, gündəmə düşdü. Koronavirusa yoluxmasından bir həftə keçməmiş karantin qaydalarını pozması heç kimin vecinə də olmadı, maskasız-zadsız kameralar önünə keçdi. Amma yəqin təkrar test verib ki, ertəsi İsveçrəyə yollanmasında problem yaranmadı, İnfantinonun qəbulunda göründü.

Sözügedən xəbərin davamına diqqət edək: “Görüş zamanı Məmmədov AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından İnfantinoya ötən il təşkil olunan Avropa çempionatı zamanı Bakıya təşrif buyurması və AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilən İsveçrə – Türkiyə oyununu izləməsi ilə əlaqədar bir daha minnətdarlığımı bildirib”.

Bir daha – ifadənin gözəlliyinə bax. Yəqin hər görüşdə belə təşəkkürlər ediləcək. Sanki Bakıya gəlmək, hansısa oyuna baxmaqla FIFA prezidenti böyük lütf edib və hər dəfə ona təşəkkür edilməlidi. Əcəba, İnfantino bu oyunların Azərbaycana verilməsində müstəsna rol oynayan SOCAR-la 200 milyon dollarlıq reklam müqaviləsinə görə bizə neçə dəfə minnətdarlıq edib?

İlk dəfə Rövnəq Abdullayevin yada salınması, AFFA prezidentinin Məmmədovun adının keçdiyi xəbərdə görünməsi də təsadüfi deyil. SOCAR-dan nazir müavini vəzifəsinə qovulan birinin diqqətdə saxlanılması daha çox ona dəstək xahişinə bənzəyir.

Xəbərin davamına diqqət edək: “Azərbaycanda futbolun inkişafı, FIFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələrin aparıldığı görüşdə son dövrlər ölkəmizdə həyata keçirilmiş futbol infrastrukturu layihələri barədə ətraflı məlumat verilib. Elxan Məmmədov Azərbaycan Premyer Liqasında yaxın gələcəkdə VAR sisteminin tətbiq olunacağını bildirib və bu istiqamətdə görülmüş işlər haqqında FIFA prezidentini məlumatlandırıb”.

Mənasız cümlələrdi və inanın ki, İnfantinoyla söhbətin əsasını təşkil etməyib. Hansısa infrastrukturdan danışmağa dəyməz, VAR-la bağlı məsələni isə AFFA üzünə-gözünə bulaşdırıb. Yanvarda Premyer Liqada tətbiq olunmalı sistemin reallaşdırılması yubanır və bunu yada salmaq, müzakirəyə çıxarmaq gülüncdü. Sadəcə, rəsmi xəbərin işarəsi artırılıb, eyni zamanda işgüzar görüntü yaratmaq naminə reklam qeydləri artırılıb.

Xəbərdə yazılanları boş verin, bu görüşdə iki məqsəd olub. Birincisi, Elxan Məmmədovun öz reklamını aparması; ikincisi İnfantinodan dəstək istənilməsi.

Martda AFFA-da ciddi islahatlar gözlənilir. Ayın 14-də Rövnəq Abdullayevin prezident seçilməsinin 14-cü ili tamam olur. Və elə növbəti ildönümü ərəfəsində vəzifəsi kiçildilən bu şəxsin yolasalma mərasimi gözlənilir. Məmmədov ya Abdullayevin, təbii ki, həm də özünün dəstəklənməsi üçün xahişə gedib, ya da burada ona lazımi siqnal verilib və o, Növbədənkənar Hesabat-Seçki Konfransının təyin olunması üçün məsləhətləşməyə yollanıb. Yəni, dünənki şəkil iki rəsmi şəxsin yox, qarşıda reallaşacaq proseslərin fotosudu.

Məmmədov ikibaşlı oyun oynayır. Onun niyyəti mütəşəkkil dəstəni qorumaqdı, yaxşı bilir ki, Rövnəq Abdullayevin, Elşad Nəsirovun olmadığı AFFA-da onu parlaq gələcək gözləmir, mümkün islahatlardan sonra ilk iş qovulması olacaq. Bu səbəbdən ağalarını da qorumağa çalışır. Alınmasa, ən azı öz reklamını təşkil edib, yeni komandaya da dürtülməyə cəhd edir.

Martda təbiət oyanır. Qoy, bu təbiət hadisəsi futbolumuzda da özünü göstərsin. Alaq otları təmizlənsin, bahar gülləri rahat boy atsın.

1627624896 150991 - Futbolinfo.az

VÜSAL MAHMUDOV

Shares: