Fərid Qayıbov bir həftədi konsert verir. Ölkə idmanı qalıb bir tərəfdə, adam özünün təbliğatı ilə məşğuldu. O, “Qarabağ”ın uğurlarında öz kölgəsini böyüdür.
Nazir təyinatından bəri müəyyən işlər görüb. Bir sıra federasiyalarda görüşləri öz yerində, yeni təyinatların da böyük hissəsi həqiqi işgörmə həvəsindən xəbər verir. Hiss olunur ki, ilk öncə ölkə idmanında yeni sistem formalaşdırmağa cəhd edir, Mariana Vasilevanı “dəmir Ledi” kimi irəli verib, kadr islahatları, müəyyən təmizləmələr aparır.
Nəticələri görmək üçün bir qədər gözləməliyik. İnsaf naminə, ötən illərdə idman sahəsində çox ciddi problemlər qalaqlanıb, federasiyalarda dərəbəylik olub, kadrlar hazırlanmayıb, sistem olmayıb, bütün iş qurumların rəhbərlərinin iradəsinə uyğun görülüb. Vahid strategiya olmayıb, milliləşdirmə dalğası, medal hərisliyi idmanın həqiqi inkişafını arxa plana atıb, yalançı görüntü yaradılıb və bunun fəsadlarını görməkdəyik. Üstəlik, idman infrastrukturu düzgün qurulmayıb, ölkənin hər yerində tikilmiş olimpiya kompleksləri daha çox otelə bənzəyir, təyinatı doğru deyil.
Kəsəsi, Qayıbovun qarşısında həll edilməsi gərəkən böyük problemlər var. Dövlət rəhbərliyi onun üçün hər cür imkanlar yaradıb, “hər federasiyaya bir məmur” devizi ilə başlanan islahatlar davam etdirilir, yeni imkanlar yaradılır. Amma Fərid bəy bu fürsətlərdən faydalanaraq qazanılacaq uğurları gözləmək niyyətində deyil – ya buna inanmır, səriştəsi çatacağına əmin deyil, ya da öz imicini yaxşılaşdırmaq üçün tələsir. Nazir hazırda ölkə idmanı adına özünün rolu olmadan reallaşan bütün uğurlara şərik çıxır. Məsələn, sanki “Qarabağ” illərdi avrokuboklarda uğurları Qayıbov Azərbaycanda yaşadığı üçün qazanırmış.
Fərid bəy son günlər “Qarabağ”ın ətrafında çox dolaşır. Klub Konfrans Liqasından pley-offa vəsiqə qazanan kimi dövlət başçısı ilə görüşdə peyda olmuşdusa, “Marsel”lə ilk oyunda Fransada göründü. Çindən tələsik Avropa ölkəsinə uçmasının faydasını hiss etmədik, ermənipərəst qüvvələrin açdığı düşmən bayraqlarının sayı hərdəfəkindən daha çox oldu, UEFA-nın verdiyi təhlükəsizlik vədlərinə əməl edilməməsinə onun reaksiyasını görmədik, sadəcə, izləyici kimi yadda qaldı. Halbuki nazir kimi ağırlığını ortaya qoymalı, ən azı etirazını bildirməliydi, o isə stadiondakı azarkeş sayını artırdı.
İndi də cavab oyunu öncəsi nazirlik əməkdaşları “Qarabağ”ın düşərgəsində pərvaz edir. Ümid edirik ki, bu hay-küy, oyunətrafı tədbirlər komandaya mane olmayacaq, nəticəyə mənfi təsir göstərməyəcək. Halbuki bu gün avrokuboklarda oyun sayı rekordunu yeniləyəcək Maksim Medvedev qala-qala Qara Qarayevə “İdman ustası” vəsiqəsinin təqdim edilməsi klubdaxili ab-havaya təsirsiz ötüşməyəcək.
Ümumiyyətlə, sovetdənqalma qondarma təltifetməyə nə gərək vardı? Fotosessiya, təmtəraq, alqışlar – yalançı iş görüntüsü… Ən ali mükafatları çoxdan haqq etmiş, amma yaddan çıxan Qurban Qurbanovun gözü önündə.
Dünən o da bəlli oldu ki, nazirlik konsert proqramı təşkil edəcək. Belə ki, matçın oynanılacağı, AGİN-in balansında olan Tofiq Bəhramov adına Respublika stadionunda tanınmış müğənnilər – Abbas Bağırov, Samirə Əfəndi və Samir Cəfərovun iştirakı ilə çal-çağır olacaq. Ən qəribəsi bunun matçın startına bir sutka qalarkən elan olunmasıdı. Belə konsertlərdə məqsəd daha çox azarkeşlərin stadiona cəlb olunması olur. Amma bizimkilər bu tədbiri biletlər satılıb qurtardıqdan sonra açıqlayır. Məntiq yoxdu. Deməli, konsert azarkeşlər üçün deyil, kreslo sahibləri üçündü.
Nazir belə konsertdənsə erməni dostu olan fransızlarla matçda 2 gün sonra 30 illiyini qeyd edəcəyimiz Xocalı faciəsini xatırladacaq birşeylər fikirləşsəydi, daha yaxşı olardı. Mümkündüsə, komandanın oyuna qara sarğıda çıxmasına icazə alınardı, azarkeşlər üçün hansısa anlamlı xareoqrafiyanın nümayişi üçün xüsusi geyim dəsti düşünülərdi və s. Yox, nazirə konsert lazımdırsa, bir tuuuş…
CAVAD