Murad Musayev düz deyir. Bəli, artıq “Sabah”ın avrokuboklara yollanmaq şansı çox azdı. Ən yaxındakı rəqibdən 8 xal geri qalmaq, üstəlik, çatmaq istədiklərinə şəxsi oyunlarda yenilmək sonun başlanğıcıdı. Kubokda da mübarizəyə hazırda ilk 4 pillədə qərarlaşanların davam etməsi mənzərəni aydınlaşdırır. Möcüzə baş verməsə, qitə yarışlarına gedəcək komandaların siyahısı indidən bəllidi.

 

“Sabah”ın baş məşqçisi onu da düz deyir ki, uğursuzluğun sıralanması başla bağlıdı. Rusiyalı mütəxəsiis yetirmələri ilə birlikdə məhz beyində uduzdu, fevral komanda üçün qara gəldi. İndi legionerlərlə yüklənmiş heyət hədəfsiz qalıb. Musayev etiraf etməsə də, “Sabah”ın belə duruma düşməsində əsas günah məhz ondadı. Sələflərindən yadigar qalan komanda ikinci dövrədə özünə gəlmişdi, görünür, qış fasiləsində onun düzgün işləməməsi indiki nəticələrin səbəbidi. Çünki əsas rəqiblərinə uduzan komanda məhz onun rəndələdiyi kollektivdi.

 

“Neftçi” ilə kubok matçında bir sıra hakim səhvləri oldu, Musayev bəhanə tapa bildi. Amma dünənki matçda şikayətlənməyə əsas yox idi, əksinə, bir sıra epizodlarda hakimlər “Sabah”a rəğbətini göstərdi, oxşar məqamlarda ikili standartlarla davrandı. Əks halda, meydan sahiblərinin ən azı iki futbolçusu verilməyən “sarı”lardan oyunu tərk etməliydi.

 

“Neftçi” parlaq oynamadı, əksinə, ilk yarıda xüsusilə bərbad idi. Amma komanda bu vəziyyətdə də qələbəni bayram edirsə, deməli, “Sabah”ın problemləri daha böyükdü. Və indiki durumda avrokuboklara getmək məhz “Neftçi”nin haqqıdı. Komanda yaya kimi oyununu yaxşılaşdırmalı, lazımi transferlər edib qitə arenasına çıxmalıdı.

 

Turun ikinci oyununda da qonaqlar top buraxmadan qalib gəldi. Amma “Qəbələ”nin qələbəsi daha əzici oldu. Oyun dəst-xəttinə sadiq olan qonaqlar rəqibin səhvlərini ustalıqla dəyərləndirib hesabına növbəti 3 xalı yazdırdı. Bu rəqibinə kubokda da yenilən “Sumqayıt”a hazırlaşmaq üçün əldə etdiyi böyük zaman da kömək etmədi. Ötən tur “Qarabağ”la matçı təxirə salınan komanda papağını günə verməklə məşğul olub.

 

FƏRİD

Shares: