“Sumqayıt”ın problemi baş məşqçiylə bağlı deyildi. Ayxan Abbasov getdi, Aleksey Baqa gəldi, nəticələr isə daha da pisləşdi. Deməli, komandada ən problemsiz sahə elə məşqçilik imiş. Abbasov 2 ildən çox müddətdə heç nədən komanda yaratdı, ilk dəfə avrokuboka apardı, medalçı etdi. Həmin heyəti daha bir neçə transferlə gücləndirən Baqa isə qələbəyə həsrətdi.

 

Klub prezidenti Riad Rəfiyev yəqin ki, hər oyundan sonra otağında qapını arxadan bağlayıb başına döyür. Axı, zaman göstərir ki, “Sumqayıt”ın ötən mövsümlərdəki yaxşı nəticələrinin səbəbkarı onun düzgün idarəçiliyi yox, Ayxan bəyin bacarığı imiş. Daha zəif heyətlə daha yaxşı nəticələr göstərən Abbasovun yoxluğunda “Sumqayıt” ruhsuz varlığa çevrilib.

 

“Qəbələ” “Sumqayıt”ı əlinə aciz uşaq düşübmüş kimi döydü. Hələ bu, əyalət təmsilçisini ən yaxşı oyunlarından biri deyildi. Çoxlarının məşqçi kimi ciddiyə almadığı, qiymətləndirmədyi Elmar Baxşıyev əcnəbi həmkarını əli cibində mat etdi.

 

Ümumiyyətlə, Azərbaycan əcnəbi məşqçilər üçün uğursuz məkandı – onlar təsadüfi hallarda burada uğurlu olub. İndiki Premyer Liqada çalışan Aleksey Baqayla Murad Musayev də ümidi doğrultmur. Onlar hədəflərindən uzaq düşüblər və ikinci “dördlük”dədilər, avrokuboka vəsiqəyə ümidləri qalmayıb.

 

Hay-küylə gətirilən, fotosessiyası sıralanan, hər gün reklam edilən belaruslunun bacarıqsızlığı 4 oyunda sübut olunub. Vətənində, Litvada milyonluq futbolçularla uğur qazanan Baqanın “tıs”ı yatıb, “Sumqayıt”da əsl bacarığı görünür. Qələbəsiz 4 oyun, bütün matçlarda komandası top buraxıb, evdə qol vurmadan reallaşan 2 məğlubiyyət… Və bu adamla 2,5 illik müqavilə imzalanıb.

 

CAVAD

 

P.S.: Riad Rəfiyevin təqdim etdiyimiz fotosu “Sumqayıt”ın durumunu özündə əks etdirir. Hamının başıqapazlı etdiyi komanda ötən günlərini çıraqla axtarır.

274434414 3169240326678697 5026486471031360874 n - Futbolinfo.az
Shares: