Azərbaycan çempionatının 17-ci turunda “Neftçi”yə məğlub olan “Sabah”ın futbolçusu Şpiro Periçiçin futbolinfo.az saytına müsahibəsi

  • “Neftçi”yə məğlubiyyətin səbəbi nədir?
  • Yaxşı oyun sərgilədik. Ancaq futbolda bəxt amili böyük rol oynayır. Düşünürəm ki, “Neftçi” ilə qarşılaşmada sadəcə, bəxtimiz gətirmədi.
  • Son 3 oyunda qələbə üzünə həsrət qalmısız. Kubokda “Neftçi”yə məğlubiyyətdən sonra “Zirə”yə uduzdunuz. Çempionatda isə yenidən “Neftçi”yə məğlub oldunuz…
  • “Neftçi”yə qarşı uduzduğumuz hər iki matçda yaxşı oyun sərgiləmişdik. Fikrimcə, ardıcıl məğlubiyyət daha çox psixolojidir. Lakin mən əminəm ki, bundan xilas olacağıq.
  • Kubokdakı gərginliyin son qarşılaşmaya yansıyacağı gözlənilsə də, belə olmadı…
  • Əvvəlki oyunda yaşananlar sadəcə, matçın gərginliyinin nəticəsi idi. Bu cür vacib oyunda qalib gələ biləcəyini hiss edəndə, hər iki komanda daha mübariz oyun sərgiləyir və sonda bu cür gərginlik yaranır.
  • Durumu dəyişmək üçün sizə nə lazımdır?
  • Bizim istedadlı futbolçularımız, yaxşı baş məşqçimiz var. Fikrimcə, zamanla müsbət nəticələr yenə gələcək.
  • Artıq avrokuboklara vəsiqə verən 4-cü yerlə aranızda 8 xalıq fərq var və bu gün “Zirə” qalib gəlsə, bu fərq 11 olacaq. Çətin olmayacaq yuxarı pillələrə qalxmaq?
  • İndi bu barədə düşünmürük. Biz hər növbəti oyunumuz barədə düşünür və hər oyuna final matçı kimi, qələbə üçün çıxırıq. Sonda hansı pillədə olacağımızı mövsümün yekununda görəcəyik.

Qeyd edək ki, Şpiro Periçiç Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sabah” – “Neftçi” matçına görə AFFA-nın verdiyi cəzalarla bağlı suala cavab verməyib.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp