Premyer Liqanın 17-ci turu meydan sahibləri üçün bərbad keçdi. Hətta qol vurmağı bacarmayan komandaların yeganə xalını “Keşlə” qazandı. Maraqlıdı ki, bu komanda çempionatın ən məhsuldarı olan “Qarabağ”ın xal itkisinə səbəbkar oldu.

Ümumiyyətlə, turda cəmi 6 qol vuruldu və bunu 3 komanda etdi. “Qəbələ” turdakı bütün qolların 66 faizini hesabına yazmaqla yanaşı, ağdamlılarla xal fərqini 5-ə endirdi. Bir oyunu ehtiyatda olan lider digər izləyicilərinə də ümidlənmək imkanı verdi.

Tur kubokun ¼ finalında rəqib olmuş komandaları üz-üzə gətirdi. “Qarabağ” istisna olmaqla, digər cütlərin hamısında yarımfinala vəsiqəni təmin edənlər sevindi. Bu isə onu göstərir ki, ilk “dördlük”də yer alanlar digərlərindən həqiqətn daha yaxşıdı və avrokuboklara vəsiqələrin bölüşdürülməsində güzəştə getməyəcəklər.

Turun bağlanış günündə “Zirə” gözlənilən qələbəni qazandı. Amma “qartallar” bunu çətinliklə bacardı. 2022-ci ildə çempionat matçlarında top buraxmayan Rəşad Sadıqovun yetirmələri qapısını toxunulmaz saxlamaq baxımından yalnız “Qarabağ”dan geri qalır. Və bu, komandaya 2-ci pillə uğrunda mübarizə aparmaqda ümid verir. Növbəti turda komanda istəyinə nail ola bilər, çünki “Qəbələ”ni “Qarabağ”la çətin sınaq gözləyir.

Növbəti turun mərkəzi matçı hər mənada “Qəbələ” üçün çətin sınaq olacaq. Komanda hazırda “Qarabağ”ın ən real rəqibidi, məhz bu komanda ilə dueldə iddianın nə dərəcədə ciddi olduğu aydınlaşacaq. Ağdamlılar bu həftə əsas heyətə istirahət verməklə həmin qarşılaşmaya ciddi yanaşdığını da göstərdi.

“Keşlə” ilə matça sürpriz heyətlə çıxan “Qarabağ” faktiki qələbədən imtina etdi. Demək olar, ikinci heyətə güvənən Qurban Qurbanov yalnız fasilədən sonra bəzi əsas oyunçuları meydana buraxdı, lakin onlar da pozulmuş ansamblı dirçəldə bilmədi. Qonaqlar təzyiqi artırıb ardıcıl qol epizodları yaratdı, tablodakı sıfırlar isə dəyişmədi.

Bu il ilk xalını qazanan Sənan Qurbanovun yetirmələri liderlərlə ağır 3 matçdan sonra daha rahat təqvimə malikdi. İndi komanda 5-ci pillədəki “Sabah”a çatmaq üçün cəhd göstərəcək. “Qarabağ”ın ikinci heyətindən xal qoparmağı çılğınlıqla bayram edən komandanın futbolçuları arxayınlaşmasa, bunu bacara bilər. Çünki “Səbail” də ağdamlılar üzərindəki sürpriz qələbədən bu yana 3 xala həsrətdi. Deməli, “Qarabağ”a uduzmamaq hələ turnir hədəflərinə çatmaq demək deyil.

İstənilən halda, turnir cədvəlində iki cəbhə formalaşıb və hər “dördlük”dəki komandalar bir-birini üstələməyə çalışacaq. Çempionluq mübarizəsində favorit “Qarabağ”dı, medallar uğrunda mübarizədə isə hər şey ola bilər.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp