Bir-birini təkrarlayırlar. Heç birinin məqsədi uğur qazanmaq, inkişafa töhfə vermək deyil. Zatən, bunun üçün bacarıqları, səriştələri yoxdu. Sadəcə, vəzifə sahibidilər, görüntü yaradırlar. Fikirləri yalnız fotosessiya edib yalançı fon yaratmaqdı.

AFFA-nın icraçı vitse-prezidenti, futbol təsərrüfatının de-fakto ağası olan Elxan Məmmədovla gənclər və idman naziri Fərid Qayıbovu nəzərdə tuturuq. Bu adamları müqayisə etmək, uğurlu işlərinə görə fərqləndirmək mümkün deyil, əksinə, onları yalnız bir-birinə oxşatmaq olar. Sanki eyni qəlibdən çıxıblar, eyni cür düşünür, eyni cür hərəkət edirlər.

Məsələn, dünən Məmmədov AFFA-nın binasında Azərbaycan Reqbi Federasiyasının rəhbərliyini qəbul edib. Bu idman növünün varlığından, ölkəmizdə perspektivindən bəhs etmək lətifə danışmaq kimi bir şeydi. İki qurumun üzvləri sadəcə, görüşüb, şəkil çəkdirib ayrılıblar. Özünüz düşünün, qarşılıqlı əməkdaşlıq haqda müzakirələrdə nədən danışmaq ola bilər ki? Məmmədov yumru futbol topunu uzunsov reqbi topuyla əvəz etməyi lazım bilirsə, futbol camiəmizə xeyirli olsun. Yoxsa stadionlarımız reqbiçilərin ixtiyarına veriləcək ki, qazonları yaxşı şumlasınlar?

Əslində, Elxan bəy bu qəbulla elə Qayıbova cavab verir. İş qalıb bir tərəfdə, kabinet davaları gedir, əzələ nümayiş olunur. Nazir mini-futbolçularla görüşmüşdüsə, Məmmədov da reqbiçiləri hüzuruna çağırıb və Qayıbovun nüfuz dairəsinə daxil olduğunu nümayiş etdirir, özünü nazir kimi aparır. Ötən həftəni bütünlüklə şəxsi təbliğatına yönəldən icraçı vitse-prezidentin başqa niyyəti yoxdu. Reqbiçilərlə görüş ona nə verəcək ki? Heç nə! Müxtəlif ölkələrin səfirləri ilə görüşlər kimi budəfəki müzakirələr də sadəcə, Elxan bəyin təbliğatı üçün gərəkli idi.

Qayıbov da eyni işi görür. Bir həftə “Qarabağ”ın arxasınca, süründü, konsert-filan təşkil etdi, klubun imicindən faydalanmağa çalışdı. Əvəzində görməli olduğu işləri unutdu. Fotolar, təriflər, alqışlar…

Amma Fərid bəyin təbliğat kampaniyasının kölgəsində qalan daha ciddi məqamlar unutduruldu. Məsələn, ötən həftə 3 federasiya ləğv olundu. Peyntbol və turan-do idman növləri ilə işimiz yox, zatən onların varlığı mənasız idi, dövlət büdcəsini dağıtmağa hesablanmışdı. Amma Otüstü Hokkey Federasiyasının ləğv olunması Azərbaycanın idman ənənələrinə xəyanətdi. Ölkədə ənənəsi olan idman növlərindən biri kimi otüstü hokkey diri tutulmalı, inkişafına yardım edilməliydi.

Bəzi məmurların fəaliyyətsizliyi, eyni zamanda naşı idarəçiliyi üzündən ölkədə hokkey məhv olmaq üzrədi. Halbuki otüstü hokkey yeganə komanda növüdür ki, orada həm qadın, həm də kişi komandalarımız uğurlu çıxış edib, hətta Avropa 5-cisi olub. SSRİ vaxtı daim ölkə çempionatları keçirilib, klublarımız ittifaq yarışlarında ən yüksək səviyyədə təmsil olunub. Sözügedən idman növünün məhvinə şahidlik etməkdənsə, Qayıbov problemlərin həllinə, ənənəsi olan bu sahənin dirçəlməsinə cəhd etməliydi.

Eyni problemlər həndbolda da var. Nazirlik komanda idman növlərində ən yaxşı nəticələrimizə imza atan bu növə də biganədi və tezliklə birdəfəlik ləğvinə şahid ola bilərik. Olimpiya idman növlərinə belə biganəlik utandırıcıdı. Yəqin ki, onların əvəzinə Fotosessiya Federasiyası yaradılar və Qayıbovla Məmmədov ilk Azərbaycan çempionunu müəyyən etmək üçün yarışar, qalib ölkəmizi beynəlxalq yarışlarda təmsil edər.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp