Belarusun idman naziri Sergey Kovalçuk futbol üzrə ölkə çempionatının Rusiya Premyer Liqası ilə birləşdirilməsini təklif edib.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Kovalçuk, beynəlxalq futbol federasiyalarının sanksiyaları qarşısında birgə çempionatın təşkilini nəzərdən keçirməyin mümkünlüyünü bildirib.

Onun dediyinə görə, hazırda vacib olan məşqçi və idmançıların əziyyət çəkməməsidir:

“İdmançılar başa düşməlidirlər ki, onların maraqları pozulmayacaq. Birgə təlim-məşq toplanışı, turnirlərin keçirilməsi məsələləri fəal şəkildə işlənir və yarışların təqviminə operativ dəyişikliklər edilir. Bunun üçün maliyyə var. Birgə liqaların yaradılması imkanları üzərində çalışırıq. Düşünürəm ki, “Zenit”, ÇSKA və “Spartak” (Moskva) kimi komandalar Minskə gəlsələr, azarkeşlər bundan məmnun olarlar”.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Shares: