UEFA Ukraynadakı futbolçuları təxliyə etmək üçün gecə-gündüz fasiləsiz işləyir.
Futbolinfo.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun prezidenti Aleksandr Çeferin açıqlama verib.
Qitə futbol qurumunun rəhbəri bildirib ki, ölkəni tərk etmək istəyən oyunçulara şəxsən köməklik göstərir: “Bu məqsədlə həm yerli, həm də əcnəbi futbolçu və məşqçilərlə 48 saat telefon danışığım oldu. Bütün hökumətlərdən kömək istədim, lakin heç nə alınmadı. Çünki heç kim təhlükəsizliyə zəmanət verə bilməz. Onları başa düşürəm. Məsuliyyət götürmək çətindir. Amma biz bunu Ukraynanın Futbol Assosiasiyası və bütün qonşu federasiyalarla birlikdə etməliydik”.
Çeferin tərəfləri müharibəni dayandırmağa çağırıb: “Ukraynanı sağ-salamat tərk edən futbolçulardan biri 2 gün əvvəl mənim evimdə oldu. Bu gün isə daha biri gəlmişdi. Bu söhbətlərin nə qədər ağır və kədərli olduğunu izah etmək belə, mənim üçün çətindir. Biz hamımız sadəcə, ümid və dua edirik ki, müharibə dayansın. Bu çılğınlığa ən qısa zamanda son qoyulmalıdır”.