“Matçın çətin keçəcəyini bilirdik. Yaxşı hazırlaşmışdıq. Təəssüf ki, erkən qol buraxdıq, səhvlər olur və bu, futbolda qaçılmazdır. Çalışacağıq ki, “Neftçi” ilə matçda etdiyimiz səhvlərdən yaxşı nəticə çıxaraq. Çünki qarşıda oyunlarımız var”.
Bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi Ürfan Abbasov deyib.
O, Azərbaycan Premyer Liqasının 20-ci turunda “Neftçi”yə 0:4 hesablı məğlubiyyətdən danışıb. Abbasov daha sonra komandanın üzləşdiyi çətin qrafikdən danışıb: “Əvvəlcədən də bilirdik ki, mart ayında bizi çətin qrafik gözləyir. Bu cür matçlar bizə öyrənəcəyimiz şeylərin çox olduğunu göstərir. Amma əllərimizi yanımıza salmamışıq. Qarşıda bizi çox matç gözləyir”.
“Neftçi” ilə matçda səhvləri ilə diqqət mərkəzinə düşən qapıçı Nicat Mehbalıyevla bağlı suala təcrübəli müdafiəçi belə cavab verib:
“Qapıçının səhvinə gəlincə, futbolda hər kəs səhv edə bilər. Amma məğlubiyyət təkcə qapıçının ayağına yazılmamalıdır. Uduzmuşuqsa, deməli komanda şəklində nələrisə yanlış etmişik. Fərdi səhvlər hamımızın karyerasında olub, bundan sonra da olacaq. Bu o demək deyil ki, kimisə üstünə atmalıyıq məğlubiyyəti. Qarşıdakı matçlara köklənmək lazımdır. Komanda, rəhbərlik və məşqçilər hamı bizə inanır. Biz də bu inamı doğrultmalıyıq. Qarşıdan gələn matçlara yaxşı hazırlaşmalıyıq”.