Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin mətbuat konfransı keçirilib. Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis Malta (25 mart) və Latviya (29 mart) yığmalarına qarşı keçiriləcək yoxlama oyunları öncəsi təşkil olunmuş tədbirdə bunları söyləyib:
- Heyətdə bəzi yeniliklər var. Söz vermişdiniz ki, Eddi İsrafilov və Dmitri Nazarovu milliyə çağırmayacaqsınız. Amma bu dəfə onlara dəvət göndərmisiz…
- Əvvəlcə Novruz bayramınızı təbrik edirəm. Heyətə gəlincə, mən heç vaxt onların bir daha milliyə dəvət almayacağını deməmişəm. Sadəcə həmin vaxt koronavirusla bağlı belə qərar vermişdik. O zaman gənclərə üstünlük verdik. Amma indi başa düşürük ki, təcrübəli oyunçular da lazımdır. Yaxşı nəticələr qazanmağımız üçün Riçard Almeyda, Dmitri Nazarov, Eddi İsrafilov, Ağabala Ramazanov kimi təcrübəli oyunçulara ehtiyacımız var.
- Uzun müddətdir Azərbaycan millisindəsiniz və bu, qarşıya konkret hədəf qoymaq üçün kifayət qədər böyük zamandır. Riçard Almeyda, Dmitri Nazarov, Eddi İsrafilov kimi oyunçuları yenidən çağırdınız. Komandamızın məqsədi nədir? Biz yenidən keçmişə qayıdırıq, ya…?
- Bu baxımdan əmin olmadığım nəsə yoxdur. Gənclər yenə heyətdə qalır. Sadəcə, təcrübəsi ilə komandaya kömək edə biləcək oyunçular çağırmışıq. Burada heç bir problem görmürəm.
- Qarşıdakı oyunlarda qapıçılarla bağlı seçiminiz necə olacaq?
- Onların özləri də bunu bilmir. Bu barədə ilk olaraq onlar biləcək. Üç yaxşı qapıçımız var. Xüsusən də, “Qəbələ”dən çağırdığımız Nicat Mehbalıyev gəncdir, perspektivi var, yaxşı mövsüm keçirir. Digər iki qapıçı təcrübəlidir. Onların özləri ilə danışacağam və qarşıdakı günlərdə kimlərin oynayacağına qərar verəcəyik.
- Sizin gəlişinizdən sonra əsasən beşli müdafiə sistemində, 3 mərkəz müdafiəçisi ilə oynayırıq. Millətlər Liqası öncəsi hansısa yeni oyun sistemi sınamaq fikriniz varmı, dəyişikliklər olacaqmı?
- Bəli, əlimizdəki oyunçularla dəyişikliklər edə bilərik. Amma mənim üçün ən vacibi nəticədir, qələbə qazanmaqdır.
- Nicat Mehbalıyevin yaxşı mövsüm keçirdiyini dediniz. “Qəbələ”nin yaxşı mövsüm keçirən digər oyunçularına, məsələn Rövlan Muradov, Murad Musayev, Ülvi İsgəndərova niyə dəvət göndərməmisiniz? Əvəzində o qədər də uğurlu mövsüm keçirməyən Höccət Haqverdi yenə heyətdədir…
- Rövlan Muradovu yüksək qiymətləndirirəm. Özünə də mesaj yazdım ki, səni millidə görmək istəyirəm. Amma onu daha az tanıyıram. Həmçinin “Qəbələ”dən Murad Musayev də yaxşı mövsüm keçirir. Amma viza məsələsinə görə milliyə cəlb edə bilmədik. Ülvi İsgəndərov da maraqlı oyunçudur. Onu yaxşı tanıyıram. Bir dəfə milliyə çağırmışam. Amma klubunda həmişə əsas heyətdə oynamır. İnanıram ki, milliyə yenidən çağırılacaq. Qarşıdakı Malta ilə oyun var. Ona görə də yaxşı olardı ki, biz indi əlimizdə olan oyunçular haqda danışaq.
- Rüstəm Əhmədzadə əvvəlcə U-21-ə çağırılmışdı, amma sonradan əsas milliyə dəvət olundu. Onu yığmaya dəvət etməyinizdə həlledici olan məqam nə idi?
- Onu U-21-ə buraxmaq istəyirdim ki, oynamaq imkanı olsun. Milliyə dörd hücumçu çağırmışdım. Amma Namik Ələskərovun zədəsi var. Qarşıdakı matçlarda iştirakı sual altındadır. Bu üzdən Rüstəmi çağırdıq. Düzdür, bu mövsüm az oynayır. Amma mənim üçün maraqlı oyunçudur. Millimizin gələcəyi ola bilər.
- Albaniya yığmasındakı uğurunuza ikinci mövsümünüzdə nail olmuşdunuz. Artıq Azərbaycan yığmasında da ilk tsikli başa çatıb və ikinciyə başlayırsız. Millimizdəki ikinci mərhələdə özünüzdən uğur gözləyirsinizmi? Çünki Azərbaycan sizdən məhz bu uğuru gözləyir…
- Qələbə öz-özünə gəlmir, onun üçün mübarizə aparmalıyıq. Bu, çətin situasiyalarda vacibdir. İyunda vacib matçlarımız var. Qısa müddətdə 4 oyun keçirəcəyik. Bunun üçün 30 futbolçu lazımdır. Komandada mütləq birlik lazımdır. Kimin oynamasının, kimin tribunada oturmasının fərqi yoxdur. Hamı başa düşməlidir ki, bu bayraq üçün mübarizə aparırıq. Bunu birlikdə etməliyik.
- Millətlər Liqasında mübarizə bu dəfə yayda başlayacaq. Bu məqam nəticələrə nə dərəcədə təsir edə bilər? Çünki futbolçular ağır mövsümdən sonra yorğun olacaqlar…
- Rəqiblərimiz də yorğun olacaq, onlar da ağır mövsümdən sonra oynayacaqlar. Yaxşı olardı ki, komandamızda zədəlilər olmasın. Slovakiyanı çıxsaq, balanslı qrupdur. Digər komandalarla başabaş mübarizə apara bilərik. Qısa müddətdə səfərə gedib, ardından evə gələcəyik. Bir rəqibimizin də kimliyini gözləyirik. Moldova və Qazaxıstan arasındakı matçın nəticəsi də maraqlıdır.