Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib.
Türkan Nəsirova (50 kq) təsnifat mərhələsində macarıstanlı Şimonetta Şekerlə gərgin keçən görüşdən qalib ayrılıb – 3:2. Türkan 1/4 finalda Avropa çempionu Miqlena Selişkayla üz-üzə gəlib. Bu qarşılaşmadan Bolqarıstan idmançısı qalib ayrılıb – 10:0. Rəqib finala yüksəldiyi üçün Nəsirova 3-cü yeri tutmaq şansı əldə edib. Həmyerlimiz bürünc medal uğrunda polşalı Anna Lukasyakla güləşib. Son saniyələrdə üstünlüyü əldən verərək 4:6 hesabıyla məğlub olan Türkan Avropa çempionatını 5-ci yerdə başa vurub.
59 kq-da iştirakçılar 2 qrupa bölünüb. A qrupunda yer alan Alyona Kolesnik ilk turda türkiyəli Elif Yanıkla qarşılaşıb. Millimizin üzvü ikinci hissədə “tuşe” ilə qələbə qazanıb. Kolesnik qrupda növbəti və sonuncu görüşündə almaniyalı Elena Brüggerə də “tuşe” ilə qalib gələrək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Finalın 1 addımlığında polşalı Yovita Vrjesyenə 1:3 hesabıyla məğlub olan təmsilçimiz bürünc medal üçün yenidən Brüggerlə mübarizə aparıb və bu dəfə rəqibinə uduzaraq (0:9) beşinci yerlə kifayətlənib.