Milli komandanın məğlubiyyəti unutdurulur. AFFA rəhbərliyindən kimsə açıqlama vermir, durumu şərh etmir, gizlənməklə vaxt qazanmağa çalışır. Daha bir neçə gün keçəcək, hansısa tədbirdə fotosessiya edib gündəmi dəyişəcəklər və hər şey yolundaymış kimi davam edəcəklər.

Bir neçə jurnalist, az sayda futbol adamı sözünü deyir, kimisi tənqid edir, kimisi tənqid edirmiş kimi görünür. Problemləri daim aktual saxlayan çox az sayda adam var. Buna görə də 14-15 ildi futbolun başında dəlləklik edib milyonlar qazananlar dövranını sürür.

Futbolçular da sanki hər şeyin tez unudulmasına çalışır. Xəlvətdə asıb-kəsən, “yol göstərən” məşqçilər, klub rəsmiləri diktofon uzadılan oyunçularına danışmaq qadağası qoyur və ya milli barədə susmağı tapşırır. Belədə hamı özünü qoruyur, AFFA rəhbərliyinə özünü “əla oğlan” kimi göstərir və jurnalstlər günahkar çıxır.

Maksim Medvedevin nümunəsində olduğu kimi… Millinin kapitanı az qala məğlubiyyətə görə mətbuatı ittiham etmişdi. Maltada, azərbaycanlı jurnalistlərin olmadığı yerdə şirə dönən Maksimin hünəri varsa, indi danışsın, paltardəyişmə otağında Canni de Byaziylə “güləşməsini” açıqlasın, mətbuat konfransı keçirib biabırçı məğlubiyyətlərə görə xalqdan üzr istəsin, səbəbləri sadalasın.

Amma yox, Maksim Azərbaycanda pulu Moskvada (Azərbaycanda yox ha!!!) biznesini çiçəkləndirmək üçün qazanır, milli komanda, bayraq, himn vecinə də deyil. Kapitan kimi oyundaşlarına da belə nümunə olur.

2 gündü az qala hər klubdan ümumilikdə 10-a yaxın futbolçuyla əlaqə saxlamışıq. Məsələn, Azər Salahlı müsahibə verir, amma yığma haqda danışmamağı şərt qoyur; Şahruddin Məhəmmədəliyev razılaşır, sualları görəndən sonra dilini sürüyür; başqa biri müsahibə verir, sonra klubdan qulaqburması alıb dediklərini geri götür; elələri də var “sonra danışarıq” deyir və ya ünsiyyətdən qaçır.

Sonra! Nə vaxt? Mənasız Premyer Liqa oyunlarında qələbə qazananda? Nəyə lazımdı sizin orada dediyiniz söz? Çıxın, müsahibə verin, üzr istəyin, bacarığınızın bundan ibarət olduğunu söyləyin, ya da haqlı səbəblər deyin.

Belə qorxaqlığın nəticəsidi ki, AFFA sizin taleyinizlə oynayır. Millidə yerli məşqçini görmək istədiyini dilə gətirən Şahruddinin bu gün kənarda qalmasının səbəbi həmin müsahibədi. Zədə bəhanədi, ondan gec sağalan, daha az oynayan Bədavi Hüseynovun yığmaya çağırılması da bunu sübut etdi – bir dağıstanlı milliləşənlər eyni statuslu digər oyunçuya gözdağı verdilər.

Futbolçular məhz bu məqama görə susqunluqlarına bəraət qazandırmaq istəyə bilər. Amma Məhəmmədəliyev düzünü dediyi üçün onunla belə davranıldısa, yoldaşları dərisi çıxarılmış canavardan nümunə götürməməlidi, əksinə, onun haqq səsinə dəstək verməlidi. Hamı danışsa, həqiqəti desə, kimsəyə qarşı haqsızlıq edilə bilməz. Bu gün Şahruddinə edilən sabah Maksim, Azər yaşayacaq.

Beləcə zaman keçir, millinin məğlubiyyətləri, dünya reytinqində 129-cu pilləyə enməyimiz unutdurulur. Və bu diligödək qorxaqlar yığını ilə biz yayda Millətlər Liqasında möcüzə göstərməliyik. Sizin futbolunuz başınıza dəysin.

FƏRİD

Shares: