AFFA-da maraqlı olaylar baş verir. “Sabah”a verilən cəzaların azaldılmasını uzun müddət gizli saxlayan qurum yenə öz ampluasındadı – bəzi qərarlar ictimaiyyətə açıqlanmır, prosesin davamı olan xəbərlər isə təqdim edilir.

 

İki gün öncə Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlananda növbəti dəfə bunun şahidi olduq. Bəlli oldu ki, “Sumqayıt” klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilib, Oyunçuların Statusu və Transferi Komitəsinin “Klubda baş məşqçi köməkçisi vəzifəsini icra etmiş Elnur Çodarova klub tərəfindən kompensasiya ödənilməsi” barədə 17 mart 2022-ci il tarixli qərarı ləğv edilib. Tribunal qərarlarının tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.

 

Oyunçuların Statusu və Transferi Komitəsinin sözügedən qərarı ictimaiyyətə açıqlanmadığından bu barədə məlumatsız idik. Araşdırdıq və aydınlaşdı ki, sözügedən komitə Çodarovun müraciətini müsbət cavablayıbmış.

 

Ayxan Abbasov “Sumqayıt”ın baş məşqçi postundan istefaya göndəriləndə kompensasiya almağı bacarmışdı. Vaxtında işini etibarlı tutaraq bütün detallarına qədər dəqiq hazırlatdırdığı anlaşmanın tələbinə uyğun olaraq, məşqçi “kimyaçılar”ı çıxılmaz vəziyyətdə qoydu, klubun menecer-prezidenti Riad Rəfiyev qəpiyinədək ödəniş etməkdən boyun qaçıra bilmədi.

 

Eyni müqavilə köməkçilərlə də bağlanmışdı. Yalnız Çodarov Abbasovla birlikdə klubu tərk etdiyindən, onun müqavilə şərtlərinin yerinə yetirilməsi gündəmdə idi. Amma klub rəhbərliyi, baş məşqçidən fərqli olaraq, Elnur bəyin müqavilə şərtlərini yerinə yetirməyib. O da öz növbəsində, sivil qaydada Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət edib. Qurum məşqçinin haqlı olduğunu araşdırıb və martın 17-də klubun müqavilənin qalan hissəsinin kompensasiyasının ödənilməsinin vacibliyi haqda qərar çıxarıb.

 

Proses qanunauyğun şəkildə davam etdiyindən mətbuata çıxmayıb. Lakin “Sumqayıt” son anda cığallıq edərək bu pulu məşqçiyə ödəməmək arzusuna düşüb və Apellyasiya Arbitraj Tribunalına müraciət edib. Tribunal isə hansısa səbəbləri əsas götürərək klubun şikayətini təmin edib.

 

Bu qurumun nəyə əsaslandığını gələn ayın ortalarında biləcəyik, çünki qərarın tam mətni həmin vaxt tərəflərə göndəriləcək, ardınca istimaiyyətə açıqlanacaq. Bizdə olan bilgiyə görə – nə qədər gülünc görünsə də -, məşqçinin klubun “Votsap” qrupunda həmkarları ilə sağollaşması, getmək qərarını özünün verməsi əsas götürüb. Halbuki qərarda bu kimi nüanslar deyil, rəsmi sənədlər əsas götürülür. Rəsmiyyətdə isə klubun məşqçi ilə müqaviləyə birtərəfli xitam verilməsi qeyd olunub.

 

Məşqçi haqlı ola-ola tribunalın belə qərar verməsi təsadüfi deyil. Qurumun indiki rəhbəri Ziya Babayev sələfi Muxtar Babayevin sağ əlidi. Nazir təyin olunanadək həm Tribunalın rəhbəri, həm də “Sumqayıt”ın Müşahidə Şurasının sədri olan (!) Muxtar bəy gedərkən yerinə məhz tanışını təyin etdirmişdi. 2018-dən “Auto Azerbaijan”ın da rəhbəri olan Ziya bəy AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla, onun ən yaxın əlaltısı Riad Rəfiyevlə eyni mütəşəkkil dəstənin üzvləridi.

 

Bütün bunları nəzərə alsaq, qərarın verilməsində hansı amillərin rol oynadığını təsəvvür etmək çətin deyil. İş həqiqətən qanun çərçivəsində həll olunsaydı, Oyunçuların Statusu və Transferi Komitəsinin qərarı ləğv edilə bilməzdi. Məsələ bu həddə çatıbsa, iki qurum fərqli qərar qəbul edibsə, ya ortada kiməsə üzgörənlik etmək fakti var, ya da sözügedən komitələrdən birində qeyri-peşəkarlar əyləşib.

 

Oyunçuların Statusu və Transferi Komitəsinin sədri Nailə Ramiz qızı Rza (Rüstəm-zadə) 2002-2006-cı illərdə Qərb Universitetində “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr təhsilini alıb. 2009-cu ildə Bakı Dövlət Universitetinin (BDU) “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” fakültəsinin, 2014-cü ildə İspaniya Diplomatik Akademiyasının “Diplomatiya və beynəlxalq münasibətlər” fakültəsinin, 2015-ci ildə ilə İspaniyanın Hüquq və İqtisadiyyat İnstitutunun (ISDE) “Beynəlxalq idman hüququ” fakültəsinin magistr pillələrini bitirib. Burada eyni institutda eyni fakultəni bitirən digər üzvlər də var. Ona görə də “Beynəlxalq idman hüququ” fakültəsinin magistrinin rəhbərlik etdiyi qurumun səhv qərar verdiyini güman etmirik.

 

İstənilən halda, Tribunalın qərarının izahatını gözləyəcəyik.

 

Bəs, Çodarov nə düşünür? Haqqında iki fərqli qərar verilən məşqçidən bundan sonra atacağı addımlar barədə soruşduq: “Sumqayıt” Futbol Klubunun müqaviləni üzürsüz səbəbdən birtərəfli şəkildə pozması ilə bağlı AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə şikayət etmişdim. Komitə məsələni araşdırdıqdan sonra klubun müqaviləyə birtərəfli şəkildə xitam verməklə müqavilə şərtlərini pozduğunu və dörd aylıq əmək haqqımı ödəməli olduğunu qərara almışdı. Amma “Sumqayıt” bununla bağlı AFFA-nın Apellyasiya Arbitraj Tribunalına müraciət etdi, tribunal komitənin qərarını ləğv etdi. Hələ ki, qərar və onun nəyə əsaslandığı haqqında rəsmi bildiriş gəlməyib. Yalnız bundan sonra növbəti addımlar haqqında danışmaq olar. Amma hüquqi baxımdan sona qədər haqqımı tələb edəcəm. İndi onu deyə bilərəm ki, AFFA-nın Apellyasiya Arbitraj Tribunalı şikayətə baxarkən əsasnaməsinin 11-ci bəndini kobud şəkildə pozub. Tribunalın 11-ci maddəsində deyilir ki, Apellyasiya şikayətini qəbul etdikdən sonra Tribunalın katibi bunu cavabdehə bildirir və cavabdehin öz cavabını verməsi üçün Apellyasiya şikayətini aldıqdan sonra 10 gün müddət müəyyən edir. Amma mənə hər hansı bildiriş verilməyib və aprel ayının 1-də elektron məktub göndərərək 8 aprel tarixinə iclas təyin etdiklərini yazıblar.  Bu isə həmin iclasın və orada qəbul olunan qərarın keçərsiz olduğunu göstərir”.

 

Açıqlamadan hiss olunur ki, Çodarov artıq özünə vəkil tutub – bu cümlələr futbol məşqçisinin deyil, ölçülüb-biçilmiş ifadələrdi. Məşqçi mövzu ətrafında geniş danışmaq istəmədi, lakin bəllidi ki, Tribunalın izahatından sonra məhkəməyə baş vurulacaq, Elnur bəy haqqını sona kimi arayacaq.

 

FƏRİD

 

P.S.: Məsələylə bağlı bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

52 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp