Milli komandaların uğurlu çıxışı, yaxşı nəticələr göstərməsi həm də xaricdə oynayan futbolçulara bağlıdı. Daha güclü çempionatlarda oynayan, təcrübə toplayan futbolçular ümumi uğurda böyük rol oynayır. Zəif milli çempionatlardan qaçıb ölkə xaricində oynayan belə futbolçular milli komandanın nəticələrinə də müsbət təsir göstərir.

AFFA-da da bunu anlayırlar. Portuqaliyadan Sloveniyaya, Xorvatiyadan Türkiyəyə kimi bir çox ölkələrə göndərilən oyunçuların hətta maaşının assosiasiya tərəfindən ödənilməsinin şahidi olmuşuq. AFFA-nın Eddi İsrafilova, Dadaşov qardaşlarına, Dmitri Nazarova və başqalarına milyonlar ödəməsinin, onları milliləşdirməsinin də səbəbi bu idi. Eyni sözləri Ramil Şeydayev, Emin Mahmudov və başqaları barədə də demək olar. Sözügedən futbolçular, İspaniyada, Almaniyada, Rusiyada – daha güclü çempionatlarda oynamaqla millinin uğurlu çıxışına fayda verməli idi.

Lakin indi ümumi prosesə nəzarət itirilib. Klublar milliləşən oyunçuları heyətinə toplamaqla daxili çempionatdakı limit problemini yoluna qoyurlar. Yeni futbolçular üzə çıxarılmayınca belə addım atılır. Son olaraq “Sumqayıt”ın Anatoli Nuriyevi sıralarına qatması ilə vəziyyət daha da qəlizləşdi.

Ölkə xaricində oynayarkən Azərbaycan pasportu verilən, indi isə klublarımızın formasını geyən futbolçular:

NEFTÇİ

Mert Çelik

Eddi İsrafilov

Emin Mahmudov

QARABAĞ

Rüstəm Əhmədzadə

Ramil Şeydayev

SUMQAYIT

Andrey Popoviç

Dmitro Nağıyev

Anatoli Nuriyev

QƏBƏLƏ

Samet Karakoç

Hazırda çempionatda 9 belə futbolçu var, daha öncə də Pavel Paşayev kimi milliləşdirildikdən sonra klublarımıza cəlb edilənlər olub. Yayda Rüfət Dadaşov, Dmitri Nazarov və başqalarının da gətirilməsi planlanır. Halbuki bütün bu futbolçular xaricdə oynamalı, səviyyələrini daha da artırmalı, milli komandaya kömək etməlidilər. 8 komandalı çempionata 9 legionerin qaytarılması kiçik rəqəm deyil, bu, faktiki millinin əsas heyətinin yarısı deməkdi.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp