AFFA yeni mövsüm üşün Premyer Liqada legioner limitini dəyişəcək. Qərar verilib, sadəcə, reallaşdırılması üçün plan qurulur.

Hazırda kabinetlərdə çoxdan verilmiş qərarın imitasiyası ilə məşğuldular. Guya ki, Klublar Komitəsi yığışıb müzakirə aparır, İcraiyyə Komitəsinə təklif verir və daha sonra hər şey rəsmiləşir. Heç bir qərar vermək hüququ olmayan KK bu kimi məsələlərdə hücumu başlayan oyunçu ampluasında  həmişə yararlıdı.

Yeni mövsümdə Premyer Liqada start heyəti 7+4 şəklində olacaq. İllərdi öyrəşdiyimiz 6+5-in dəyişməsi, heyətə 7 legionerin düşməsinə icazə verilməsi heç də aparıcı klubların tələbinin nəticəsi deyil. AFFA rəhbərliyi 15 ildi ölkə futbolunun təməlini qazıyıb, yeni nəsil yetişdirilməyib və indi görürlər ki, komandalara yetəcək qədər yerli oyunçu yoxdur. Bu səbəbdən legionerlərə qoyulan limit yumşaldılır.

Növbəti mövsümdən Premyer Liqada 10 komanda çıxış etməlidi. “Kəpəz” və “Turan Tovuz”un gəlişi ilə yerli futbolçulara tələbat daha da artacaq. Yüksək səviyyəli belə oyunçuların sayı kifayət etmədiyindən, boşluqlar əcnəbilər sayəsində doldurulmalıdı. AFFA məhz buna şərait yaratmaq üçün limitə əl gəzdirir.

İK-nın digər qərarı oyunçu əvəzləmələri ilə bağlıdı. Yeni mövsümdən pandemiya dövründə bütün dünyada məşhurlaşan 5 oyunçu əvəzlənməsinə bizdə də icazə veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp