Həyat şəraitinin çətinliyi, güzəran problemləri insanları hər addıma vadar edir. Çox təəssüf ki, bu fürsətdən də yararlananlar var. İş tapmaqda, dolanışığını təmin etməkdə çətinlik çəkənləri asan yolla pul qazanmağa təşviq edənlər, əslində, bunda da başqa məqsəd güdürlər. Yalançı vəd, göz qamaşdıran təklif – yekunda problem üstünə gələn problem.

Son zamanlar ölkədə “Poz, qazan” ani lotereya oyunu xeyli məşhurlaşıb. Hər gün avtobus dayanacaqlarında, metro çıxışlarında satılan lotereyaları xüsusilə kasıb təbəqədən olan vətəndaşların aldığının şahidi oluruq. Belə lotereyaların satılması sosial problemlərin artdığı və işsizliyin hökm sürdüyü dövrə təsadüf etdiyi üçün daha çox insan auditoriyası yığmağı mümkünləşdirib.

Vətəndaşlar müxtəlif yollarla aldadılır, onlara ümid verilir. Onlara külli miqdarda pul udacağı deyilsə də nəticə etibarilə burda tək bir udan var, o da bu xidməti göstərən təşkilatdır. Düzdür, burda uduşlar da olur, kimlərsə hansısa məbləği qazanırlar, amma ümumi götürdükdə vətəndaşlar kiçik həcmdə çoxlu sayda vəsait itirirlər. Ümidlər çox vaxt doğrulmur, nadir hallarda şans kimlərinsə üzünə gülür. Çünki yığılan pulun çox kiçik hissəsi uduş fonduna yönəldilir.

Bu oyuna mübtəla olanların sayı günü-gündən artır. Təəssüf ki, cibindəki son qəpiyi lotereya oyununa verib, əvəzində heç nə qazanmayan insanlar az deyil.

Ümumiyyətlə, “Azərlotoreya” 60 milyon ədəd 1 manatlıq – “Qızıl 5” lotoreya biletini satışa buraxıb. Bu 60 milyon biletdən cəmi 12 biletdə 25 000 manatlıq böyük uduş var. Yəni, sizin bu lotoreyadan 25 000 manat qazanmaq ehtimalınız 1/5 000 000-dur (12/60 480 000). Çox kiçik ehtimaldır. Təsəvvür edin ki, bu ehtimal sizin bilet almaq üçün getdiyiniz yolda qəzaya düşüb ölmək ehtimalınızdan daha kiçikdir (ötən il Azərbaycanda təkcə yol qəzalarında 706 nəfər həyatını itirib).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp