Sərxan Hacıyev yaxşı başlamadı. Elxan Məmmədovun AFFA-dan gedişiylə yaranan boşluğu doldurmağa cəhd edən (və ya buna məcbur edilən) yeni baş katib bir-birinin ardınca xətalı açıqlamalar verdi. Ön plana çıxmaq istəyən və çıxarılması məsləhət olan Hacıyevin dedikləri ütüsüz, diplomatik davranışdan uzaq açıqlamalar idi.

Əslində, hər şey ssenariylə gedir. Şamaxı stadionuna təşkil olunan media-tur alqışlanası addımdı, amma burada düşünülən ilk məqam məhz Sərxan bəyin təqdimatı idi. Səbəb başqa göstərilsə də, niyyət fərqlidi və ya bir gülləylə iki dovşan vurmağa cəhd edildi. Və bu səfərin Məmmədovun AFFA-nın icraçı vitse-prezident postundan getdiyi günün ertəsi baş tutması təsadüf sayılmamalıdı. Elxan bəyin təyinatı qurumdakı ssenari yazan qrupa çoxdan bəlli idi və plan-proqram hələ ötən həftədən müəyyənləşmişdi.

Məmmədov da AFFA-dakı ilk illərində bu tipli yanlışları çox edirdi, zamanla əsl diplomat oldu. Prinsipcə şagirdi Hacıyev müəllimindən dərs almalı, fəaliyyətə belə səhvlərlə başlamamalıydı. Lakin o, ilk addımdaca “axşamladı”.

Elxan bəyin FIFA-da önəmli posta təyinatından həmən sonra AFFA-dan bir neçə açıqlama gəldi. Müzakirələrdən sonra, rəsmi qərarla tənzimlənməli olan məsələlər birdən-birə, reallaşacaq hadisələrin proqnozu kimi, amma ehkam şəklində dilə gətirildi.

Məsələn, Məmmədovun fəaliyyətinə vitse-prezident kimi davam edəcəyi bildirildi. Əcəba, bu qərar İcraiyyə Komitəsi yığılmadan necə dəqiqləşə bilər? Zatən 3 vitse-prezident var, onlardan hansı çıxdaş edilir? Yoxsa Məmmədova görə birdən-birə 4-cü vitse-prezident postu təsis olunur? Ümumiyyətlə, bu adamın mütləq şəkildə qalması nə dərəcədə vacibdi?

Qarışıq məsələ idi və dünən Hacıyevin prezentasiyasında bəzi suallara aydınlıq gəldi. Lakin yenə qüsurla… Bəlli oldu ki, icraçı vitse-prezident postu ləğv olunacaq, Məmmədov digər vitse-prezidentlərlə eyni sırada dayanacaq. Sərxan bəy qısa müddətdə İcraiyyə Komitəsinin yığışması üçün vaxtın olmadığını, məsələnin tezliklə rəsmiləşəcəyini dilə gətirdi. Əcəba, necə? Axı, Nizamnaməyə dəyişiklik yalnız Konfransda edilə bilər. Bundan sonra hələ Ədliyyə Nazirliyində təsdiqlənmə prosesi olmalıdı.

Hacıyev səhvi səhv dalınca buraxa-buraxa getməkdədi. Danımışkən aydınlaşdırsın görək, ümumiyyətlə, icraçı vitse-prezident postu niyə cəmi 1 il mövcud oldu? Bu, özünü doğrultmayan gediş idi, yoxsa Nizamnamə məhz Elxan bəyin vəzifəyə göndərilməsi üçün dəyişdirilmişdi?

Sərxan bəyin daha bir yanlışı hazırkı strategiyaya sadiq olacaqları ilə bağlı dedikləridi. 15 ildi futbolumuzu uçuruma salmış bu strategiyaya necə sadiq qalmaq olar? İslahat olmayacaqsa, səhvlər düzəldilməyəcəksə, bu qədər narazılıq nəzərə alınmayacaqsa, nəyə ümid edirik? İndiyəqədərki strategiya bütün bəlaların əsas səbəbidi, eyni cür davam ediləcəksə, Hacıyev ikinci Məmmədov olacaq, eyni tənqidləri, nifrəti qazanacaq.

Hacıyev siyasi savadsızlıq nümayiş etdirməyə məcburdu. Amma onu yönəldən dəstənin çaldığını oynadıqca özünü hədəfə çevirir. Belə danışmasa, himayədarlarına qarşı çıxmalıdı, belə danışdıqda isə özü hədəfə gəlir.

Bütün bu planlar yenə Məmmədov tərəfindən cızılır. Azərbaycan futbolunu Parisdən idarə etməyə çalışan Elxan bəy icraçı vitse-prezident postunu ləğv etdirməklə həmin vəzifəyə təyin olunası adamı aradan qaldırır, futbolda hakimiyyətə can atan qüvvələri zərərsizləşdirir. O, düşünür ki, sabiq müavini vasitəsi ilə yola davam etsin, onu “Fatı, otur! Fatı, dur!” əmr-komandalarıyla formal fiqura çevirsin. Yəni, ad Hacıyevin, dad özünün olsun. Təbii ki, çətin olacaq, amma yeni qüvvələr gizləndikcə, Məmmədovun himayəçi dəstəsinə müqavimət göstərə bilmədikcə, Elxan bəy buna cəhd edəcək.

Vəzifə tələbləri etibarı ilə Məmmədovun Azərbaycan futbolundakı hakimiyyətinin davam etməsi mümküsüzdü. Amma o, özünü kurator kimi göstərməyə, Hacıyevin simasında yoluna davam etməyə can atır. Sərxan bəy bəlkə də “Yusif Sərrac” olaraq seçilib, müvəqqəti istifadə üçün düşünülüb.

***

Bütün bu eybəcərliklərin içində Şamaxıdan xoş mesaj da aldıq. Yeni stadionun sahibi olacaq klubdan heç kimin səfərdə görünməməsi əla görüntüdü. Bu o deməkdi ki, Zaur Axundovun yarıtmaz kadr olduğunu anlayıblar və onu millət içinə çıxartmırlar. Emblemiylə tam yeni klub olduğu aydınlaşan “Şamaxı”da tam fərqli rəhbərlik olacağına dair xəbərlər eşidirik.

“Şamaxı”nın gələn mövsümdən kimlərə tapşırılacağı, kimin nəzarətində olacağıyla bağlı da müəyyən informasiyamız var. Həqiqətdirsə, “Keşlə”nin addəyişməsi layihəsinin ən yüksək səviyyədə həll olunduğu aydınlaşır. Və bu qədər ciddi insanlar klubun indiyəqədərki bərbad idarəçiliyinin davam etməsinə icazə verə bilməz. Dünənki tədbir də bunu sübut etdi, ümid verdi.

***

Hacıyevə gəlincə, o, yüksək səviyyədə təşkil olunan, gələcək planların tərkib hissəsi olan tədbirdə bu qədər yöndəmsiz açıqlamalar verməməliydi. Ümumiyyətlə, Sərxan bəy yolunu seçməli, əsl idarəçi kimi danışmalıdı. Məmmədovun kölgəsində onun inkişaf etməsi, boy atması mümkünsüzdü.

VÜSAL MAHMUDOV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp