Bu gedişlə son tur final ab-havasında keçəcək. Çempionatın bağlanış həftəsində “Sumqayıt” “Səbail”lə son pillənin sahibini müəyyənləşdirəcəksə, Qəbələdə yerli komanda avrokuboka axırıncı vəsiqəni “Sabah”la bölüşdürəcək. Amma hələ ona kimi daha 3 tur var və finiş oyunları formallığa çevrilə bilər.

Elmar Baxşıyev israrla sübut edir ki, baş məşqçi postuna əyləşməklə əsl baş məşqçi olmaq arasında böyük fərq var. Qışa kimi rahatca 2-ci pillədə əyləşən “Qəbələ” artıq ilk “dördlük”də deyil. Bu qədər uğursuz nəticələri bacarmaq üçün xüsusi “istedad” sahibi olmalısan.

Baxşıyev büdcədən şikayətlənə bilməz, ötən həftələrdə darmadağın olduğu “Səbail” daha səfil gündədi. Heyət isə yaxşı komplektləşib, komandadakı legionerlərin ən azı yarısını digər komandalarımız məmnuniyyətlə düşərgəsində görmək istəyər.

Bütün bunları nəzərə alsaq, qışa kimi hamının qorxduğu “Qəbələ” hazırda hamının başıqapazlısıdırsa, deməli, problem var. Və bu problem baş menecer Zaur Əzizovun “Neftçi”yə gedişindən sonra başlayıb. Onun yoxluğunda Baxşıyev sıradan bir inzibatçıdan fərqlənmir. Prezident Fariz Nəcəfov yəqin, anlayıb ki, klubu indiyədək kimlər idarə edirmiş, kimlər uğurlu olurmuş. Nail Kərimov klubdaxili ab-havanı tənzimləyəcək qədər səriştəli deyil.

Düzdü, hələ də şans var və komandanın dünən uduzduğu rəqib hamıdan bir baş üstün olan “Qarabağ” idi. Amma ssenari neçə turdu davam edir və “Sabah”la mübarizədə aciz, qızıl məcməyidə qarşısına qoyulan vəsiqəni əlindən salan bir kollektiv var. Qarşıdakı təqvimi düşünəndə “qırmızı-qaralar”ın halına acımamaq olmur.

Bütün oyunları eyni gündə baş tutan tur turnir cədvəlinin iki “dördlüy”ü arasında mübarizəylə yadda qaldı, güclülər üstün oldu. “Qarabağ” qələbə seriyasını davam etdirdisə, “Neftçi” çempionluq titulunu rəsmən itirməsini daha bir həftəlik ertələdi. Baxmayaraq ki, “Səbail”lə matçda azlıqda qaldıqdan sonra qonaqlar xal itirməyə çox yaxın idi. Qışdan bəri normal futbol oynamadan qələbələr qazanan Samir Abasovu yenə bəzi futbolçuların ustalığı xilas etdi. Meydan sahibləri son dəqiqələrdə azı 3 real şansı boşa verincə “Neftçi” qitə yarışlarına vəsiqəni rəsmiləşdirdi.

“Zirə” də qələbəni çətinliklə qopardı. Amma Rəşad Sadıqovun yetirmələri xüsusilə fasilədən sonrakı oyunuyla qələbəyə layiq idi. Təzyiq bəhrəsini verdi, son dəqiqələrdə Davit Volkov qol orucunu pozdu. Üstün futbolun mükafatı sayəsində “qartallar” avrokuboka vəsiqəni böyük ölçüdə reallaşdırdı. 7 xallıq fərqin 4 tura əriməsi çətin görünür. Bəlkə də növbəti həftə “Qəbələ”ylə ev oyununda bütün suallar cavabını tapacaq.

Həmin matçın nəticəsi “Sabah” üçün də önəmlidi. Dünən 4-cü pilləyə qalxan komanda “Qarabağ”la görüşün nəticəsindən asılı olmayaraq yerində qalmaq üçün qəsəbə təmsilçisinin uğurunu arzulayacaq. Murad Musayevin yetirmələri “Şamaxı” üzərində böyük hesablı qələbədən arxayınlaşmamalıdı. Komanda qeyri-sabit oynayır, gözəl futbolunu hər dəfə xalla əlamətdar etmir. Kritik 4 turda mümkün qədər xal toplanmalıdı ki, “Qəbələ”nin hədiyyəsi “ziyan olmasın”.

“Şamaxı”ya gəlincə, “Keşlə” adından imtinadan sonra bu komanda 3 matça 3 məğlubiyyət alıb və 15 top buraxıb. “Səbail”dən sonra ən bərbad statistikaya malik olan bu komanda növbəti tur autsayderlə də bacarmasa, yayda yenidən “yığılması” qaçılmaz olacaq. “Şamaxı”nın problem dəyişən məşqçilərdə deyil, bacarıqsız rəhbərlikdədi.

Eyni bərbad statistikaya malik digər komanda “Sumqayıt”dı. Aleksey Baqanı bəh-bəhlə baş məşqçi postuna gətirənlər 9 oyuna cəmi 3 heç-heçə görüb. Komandanın evdəki bütün matçları qol vurmadan uduzması da öz yerində. Davam edir…

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp