Elxan Məmmədov başını götürüb qaçır. Rövnəq Abdullayev öz hayında ikən, Elşad Nəsirovun üzərində kölgələnmək üçün saxladığı qanadlar yığışarkən AFFA-nın icraçı vitse-prezidenti aradan çıxır. Dövlətin pulu hesabına özünə karyera qurmağı bacardı, rəsmən milyonçuya çevrildi, hamının nifrəti ilə yanaşı yaxşı sərvət qazana bildi. Və qaçır…

15 illik bərbad fəaliyyətinə rəğmən, ona sığınanlar, mədhiyyə deyənlər, yarınmağa cəhd edənlər oldu. Bir çoxları isə neytral mövqe tutdu, xüsusi himayədə olan Məmmədovla sonucda ziyan çəkəcəyi konflikt yaşamaq istəmədi. Bəlkə də şəxsi qazancları, bəziləri də başlarının sakit olması baxımından düz etdilər, lakin ümumi futbolun durumu baxımından Elxan bəy daha çox tənqidi haqq edirdi.

Məmmədovu sonunadək, bəzən meydanda tək qalaraq tənqid və ifşa etdik. Peşman deyilik. Ortada acı reallıq var və bütün futbol faciələrinin, gələcəkdə fəsadlarını hiss edəcəyimiz pis əməllərin səbəbkarı və icraçısı o idi. Yıxılanı baltalamazlar – bu prinsip bizim üçün də keçərlidi, amma Elxan bəyi yıxılmış da saymaq olmaz. Bacarıqlı diplomatdı, vəziyyətin qəlizləşdiyini görən kimi aradan çıxmağı bacardı. Artıq himayədarlarının da qoruya bilməyəcəyi situasiyanın yarandığını, etdikləri üzündən həbs təhlükəsiylə üz-üzə olduğunu anladı, gələcəkdəki mənfur planlarının tərkib hissəsi olduğu qoruyucularının sayəsində qondarma təyinatla ölkədən qaçır.

Məmmədovun vəzifə baxımından yüksəldiyini düşünənlər var. Bəli, görüntü belədi, əslində isə onun əməllərinin üzə çıxarılması, isbatlanması başqalarının da keçmişdə etdiklərinin faş olmasına səbəb olacaqdı. Sakitlik üçün Məmmədovun təmtəraqla yola salınması lazım idi, müxtəlif kanalları işə saldılar, əlləri yetən yerlərdən xahiş etdilər və Elxan bəy Parisə köçürüldü.

Futbolda islahat dalğasıyla bağlı işartılar hiss olunandan bəri yeni təbliğat dedi-qodusu ortaya atılıb. Guya ki, yeni gələcək qüvvələr Məmmədova rəhmət oxutduracaq, bizi daha bərbad günlər gözləyir. Bəzi addımları analiz edirsən, yanaşmalara, düşüncələrə, ümumi gedişata münasibətə baxıb razılaşmaq istəyirsən. Lakin… Elə olmayacaq. Ortada nümunə götürülməli dərslər var. Məmmədovdan, onun mütəşəkkil dəstəsində daha pis işləmək mümkün deyil. Hər şey əvvəlkindən ən azı qismən yaxşı olacaq. “Qismən”in faizini artırmaq, “çox”a çevirmək hamımızdan asılıdı – həm əməlimizlə, həm ictimai təzyiqimizlə, həm haqlı, qərəzsiz tənqidimizlə, həm düzgün analiz və təbliğatımızla.

Futbola yeni qüvvələr gəlir. Kimliyini dəqiq bilmirik, amma müəyyən təxminlər var. Hətta bir olduğu deyilən iki cəbhə mövcuddu. Zamanla yanlışları olub, bəzən səriştəsizlik göstəriblər, addımlarını tənqid etmişik, ancaq mütərəqqi qüvvələrdi, onlara ən azı ümid etmək olar. Qaradan artıq rəng yoxdu, “qara”nı isə Parisə göndərdilər. İllərlə korlanan imicinin fonunda Məmmədovun perspektivsizliyi o qədər dəqiq təsdiqləndi ki, can atdığı hökumət strukturlarına yeni təyinata nail ola bilmədi, güvənmədilər və qaçdı. Deməli, hamı nələrin baş verdiyinin fərqindədi. “Nəyi, nə zaman, necə edəcəyini” bilənlər var, gec də olsa, qərar verilib.

Futbolda islahat yalnız Elxan Məmmədovun səhnədən rədd edilməsindən ibarət deyil. Tezliklə vəzifələrdən endirilməklə erasına son qoyulan Rövnəq Abdullayev də AFFA ilə vidalaşacaq (O, zatən formal fiqur idi, Nəsirov – Məmmədov cütlüyünün mühasirəsində “maliyyə təminatçısı” rolu ilə kifayətlənirdi – müəl.). Qarşıdakı günlərdə İcraiyyə Komitəsinin iclası, Növbədənkənar Hesabat-Seçki Konfransının təşkili reallaşmalıdı. Hər şey qanun çərçivəsində, pillə-pillə gerçəkləşməlidi.

Əsas olan futbol təsərrüfatında yeni idarəçiliyin necə qurulmasından asılıdı. Bünövrədə yanlışlığa yol vermək olmaz, addımlar yüz ölçülüb, bir biçilməlidi. Ziyanverici dəstədən kimsəni yeni komandada saxlamaq olmaz. Təbii ki, AFFA-da bu gün də bacarıqlı kadrlar var, onların xidmətindən yararlanmaq lazımdı, lakin idarəçi komanda bütünüklə dəyişməlidi. Hamıyla yola getməyi bacaran Vaqif Sadıqovdan Kazbek Tuayevə, Məmmədovun klublar təyin etdiyi əlaltılarına, müxtəlif komitə və departamentlərə rəhbər seçilən bacarıqsız dost-tanışa kimi.

İlk növbədə AFFA İcraiyyə Komitəsi tam tərkibdə yenilənməlidi. “Evdən işləyən” Elmar Məmmədyarov, “katerlə boru çəkən” Zaur Axundov, bütün əməllərdə baş malalayıcı Vaqif Sadıqov, həqiqətlərə göz yumub pulunu qazanan Kazbek Tuayev, “boz kardinal” Elşad Nəsirov, 7-8 idman qurumuna calaq olmuş Raif Əliyev, əlaltısı Sərxan Hacıyevi baş katib təyin etdirib şahmat təsərrüfatına rəhbər gedən Mahir Məmmədov və başqaları… Futbolumuzun bünövrəsinə külüng çalan bütün qərarlarda bu adamların imzası var. Onlar hamısı təmizlənməli, yeni komanda formalaşmalıdı. Yeni AFFA prezidenti, vitse-prezidentlər, baş katib, regional federasiya və komitə/departament rəhbərləri xüsusi həssaslıqla seçilməlidi.

İcraiyyə Komitəsində aparıcı klubların nümayəndələri təmsil olunmalıdı – bugünədək yalnız əlaltı klubların nümayəndələri iş başında olub. Məsələn, “Qarabağ” kimi klubun İK-da təmsilçisinin olmaması böyük ayıbdı. İqor Ponomaryov, Nazim Süleymanov kimi titullu veteranlar quruma düşməlidi, Vaqif Sadıqov kimilər yox. İnkişaf istəyiriksə, illərdi kənarda qalan əsl mütəxəssislərə, bu dəstəyə baş əymədiyi üçün ofsaydda saxlanılan kadrlara yol açılmalıdı.

Yalnız bu seçimlər dəqiqliklə aparıldıqdan sonra ümumi strategiyanı, inkişaf planını məsləhətləşmələrlə, keçmişdən dərs çıxararaq müəyyənləşdirmək olar. Düzgün insanlar doğru yerlərdə olduqdan sonra böhrandan çıxmağa ümid edə bilərik. AFFA-nın birinci adamının, əsas icraçılarının futbol adamı olması mütləq şərt deyil, yetər ki, o, əsl mütəxəssislərlə, sağlam düşüncəli futbol adamları ilə işləsin, onların məsləhətinə qulaq assın.

Uşaq futbolu, hakimlik spesifik sahələrdi, orada illərdi özünü isbatlayan insanlar çalışmalıdı. Tariximiz göz önündədi, uşaq futolunda kimlərin nələr etdiyini hamı bilir, bu işi uğurla quracaq kifayət qədər mütəxəssis var. Hakimlik zatən problem olmamalıdı, tarixi ənənələrimiz var, daim hakimlik məktəbimizlə öyünmüşük. İnsanlığı, qulluq etdiyi dəyərləri ilə problem yaradan Frits Stuxliklərə qurban verilən insanlar kölgədən çıxarılmalı, güvənilməlidi.

Bölgələrə ayaq açmaq, coğrafiyanı genişləndirmək də vacibdi. Şamaxıda süni futbol klubu yaratmaq, 15 ildən sonra futbol məbədlərimiz olan Tovuz və Gəncəni yada salıb akademiya açmaq kifayət etmir. Bu şəhərlərdə iş daha da vüsətlənməli, digər rayonlarımız böyük futbolun ab-havasını hiss etməlidi. Region Liqası kimi həvəskar yarışla yox, əsl futbolla.

Hər şey super olmayacaq, vəziyyətin düzəlməsi zaman alacaq. Amma əmin olun, hər şey əvvəlkindən daha yaxşı olacaq. Yenilərin də yanlışları ola bilər, zamanla əlbir olub bütün futbol ictimaiyyəti ən yaxşısı üçün çalışmalıdı. Digər idman növlərində olduğu kimi, futbolda da yüksəliş dövrünə qədəm qoymaq mümkündü.

Dövlət zatən hər zaman qayğısını hiss etdirib, heç vaxt top oyunundan maliyyəni əsirgəməyib. Futbolda vicdanlı adamlar peyda olandan, xərclərin hesabatı doğru verildikdən sonra inkişaf qaçılmazdı. Pulu özü üçün bir neçə ölkədə otel, villa almağa xərcləyən Məmmədovun yolunu davam etdirmədikdən sonra daha yaxşı nəticələri reallaşdırmaq ən asan işdi.

Məmmədov qaçır, son 2-3 günü qalıb. Onun vitse-prezident kimi AFFA-da qalması, İK-da təmsil olunması mümkünsüzdü. Belə xam xəyalı var, Parisdə oturub Azərbaycan futbolunu idarə etmək arzusundan hələ də əl çəkməyib. Amma ola bilməz, orqanizmdən qorxulu virusu tam təmizləməsən, gec-tez xəstəliyə tabe olacaqsan. Digər ünsürlər kimi bu adamı da birdəfəlik rədd etmək lazımdı. Futbolla oynamaq dövrü bitdi, futbol oynamaq lazımdı.

VÜSAL MAHMUDOV

Shares: