“Bizim üçün iki vacib oyun oldu. “Qəbələ”yə qarşı ağır oyunlar keçirdik. Biz qalib gəldik və buna görə sevincliyik. Növbəti həftə artıq çempion ola bilərik”. Bunu “Qafqazinfo”ya açıqlamasında “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç deyib.
O, Azərbaycan Kubokunun yarımfinalında və çempionatın 24-cü turunda “Qəbələ”yə qalib gəldikləri oyunlardan danışıb: “Qəbələ” hər zaman çətin rəqibdir. Lakin səfərdə iki çətin qalibiyyətə sevindik”.
Monteneqrolu futbolçu “Neftçi”nin baş məşqçisi Samir Abasovun “Qarabağ” artıq çempiondur” sözlərinə də münasibət bildirib: “Bizə çempion olmaq üçün 1 xal lazımdır. Böyük ehtimal da Samir Abasov buna görə belə deyib. Bu cür vəziyyətdə başqa komandanın çempion olacağını düşünmək çox çətindir”.
Təcrübəli oyunçu Azərbaycan kubokunun yarımfinalının ilk matçında əldə etdikləri 3:1 hesablı qalibiyyətin komandaya müyyən rahatlıq verəcəyini gizlətməyib: “Çox yaxşı nətiədir. Səfər matçında üstünlük yaxşıdır. Lakin biz ikinci oyunda meydana hesab 0:0 imiş kimi çıxacağıq. Çünki kubok oyunları həmişə gözlənilən kimi keçmir və sürprizlər ola bilər. “Qəbələ” yaxşı komandadır”.
Veşoviç həm Azərbaycan Kubokunu, həm də çempionluğu qazanmaq şanslarından söz açıb: “Niyə də yox? Biz hər gün çalışırıq, hər gün buna hazırlaşırıq. Yaxşı futbol göstərsək, təbii ki, hər iki kubok bizim olacaq”.
“Finalda hansı rəqibi seçərdiniz” sualına futbolçu bu cür cavab verib: “Mən rəqib seçməzdim. “Zirə” ilə də, “Neftçi” ilə də oynamaq asan deyil. Hansı komanda finala çıxsa, biz ona qarşı motivasiyalı olacağıq”.