Azərbaycan Premyer Liqasında növbəti mövsümün bitiminə 4 tur qalıb. “Qarabağ”la “Sumqayıt” arasında təxirə salınmış matçı da nəzərə alsaq, daha 17 görüş oynanılacaq və bütün komandaların tutacağı yer aydınlaşacaq.

Ölkəmizi qitəmiqyaslı yarışlarda təmsil edəcək komandalardan ikisi bəllidi, digər iki vəsiqə uğrunda 3 komanda yarışır. Gələn həftə onlardan daha birinin kimliyinə aydınlıq gələ bilər. Amma xoşbəxtlərin sırasında “Qəbələ” yoxdur. Mövsümün ilk 2 dövrəsini 2-ci pillədə başa vuran bölgə təmsilçisi qışdan bu yana göstərdiyi uğursuz nəticələr üzündən hazırda ilk “dördlük”dən kənardadı.

2022-ci ildə komandaların göstərdiyi nəticələrə nəzər salsaq, ilk “dördlük” layiq olduğu yerdədi. Sabit oynamaları üzündən mümkün xalların yarıdan çoxunu toplayan bu komandalar məhz bu səbəbdən önə çıxmağı bacarıb.

2022-ci ilin turnir cədvəli:

  1. Qarabağ         9      8       1        0       29-3       25
  2. Neftçi            10     8       1        1       18-6       25
  3. Zirə                10     6       2        2       10-8       20
  4. Sabah           10      6      0         4      16-7       18
  5. Qəbələ          10     2       3         5        9-19       9
  6. Şamaxı         10     1       3         6        8-22       6
  7. Səbail           10     1        1        8        6-18       4
  8. Sumqayıt       9     0        3         6       4-17       3

Komandalarla bağlı maraqlı statistikalar da var:

* “Qarabağ” bu il uduzmayan yeganə komandadı.

* Ağdamlılar ardıcıl 7 turdu qələbə qazanır, son 3 matçda qol buraxmayıb.

* “Qarabağ” bu il vurulan 100 qolun 29 faizini öz adına yazdırıb.

* “Neftçi”nin məğlubiyyətsiz oyunlar seriyası 9 oyuna çatıb, komanda son 3 matçı qələbə ilə başa vurub.

* “Sabah” heç-heçə etməyib, 10 oyundan yalnız 2-də qarşılıqlı qollar vurulub.

* “Keşlə”/“Şamaxı” 5 oyundu qələbə qazanmır.

* Şamaxılılar son 3 matçda 15 top buraxıb və bunun sayəsində vurulan və buraxılan qolların ən pis saldosuna malikdi.

* “Qəbələ” 7 turdu qələbə qazanmır.

* “Qırmızı-qaralar”ın bu il aldığı 5 məğlubiyyətdən 4-ü böyükhesablıdı.

* “Sumqayıt” 2022-də qələbə qazanmayan yeganə komandadı.

* “Kimyaçılar” bütün ev matçların top vurmadan uduzub, Aleksey Baqa ölkəmizdə cəmi 3 heç-heçə xalı qazanıb.

* İlk “dördülk”də qərarlaşanlar 10-dan çox, ikinci “dördlük”dəkilər 10-dan az qol vurub.

* Buraxılan qollarda rollar dəyişib, “Şamaxı” isə az qala ilk 4 komandanın birlikdə buraxdıqları qədər qola üzülüb (24:22).

Turnir cədvəlinin belə alınmasında komandaların nəticələrindəki kəskin fərqlər rol oynayıb. Təsəvvür edin, 4-cü yerdəki komandayla 5-cinin xalları arasında ikiqat fərq var. Liderlər ən pis halda 10 oyundan 6-da qələbə qazanıbsa, ikinci “dördlük”dəkilərdən 2-dən çox qələbə qazanan yoxdu.

Bir oyunu ehtiyatda olan “Qarabağ”ın mümkün 27 xaldan 25-i toplaması əla nəticədi. “Neftçi” də ilə yenilgiylə başladıqdan sonra sabit çıxış edir. 2022-yə 4 qələbə ilə başlayan “Zirə” ardınca 4 oyunda cəmi 2 xal toplasa da, vaxtında özünə gələ bildi. “Sabah”ın nəticələri də qənaətbəxşdi, amma bu komandanın 4-cü pilləyə qalxmasının əsas səbəbkarı uğursuzluq yaşayan rəqibləridi.

“Şamaxı” büdcəsi ilə tərs-mütənasib nəticələr göstərir, bərbad çıxış edən “Səbail” “Sumqayıt”ın daha pis durumda olması üzündən son pillədə deyil. İlin ilk yarısı ilə müqayisədə ən faciəvi vəziyyət isə “Qəbələ” ilə “Sumqayıt”dadı. Bu komandalar son qələbəsini qazananda hələ Rusiya – Ukrayna müharibəsi başlamamışdı.

“Sumqayıt”ın durumu aydındı. “Kimyaçılar” yarım ildi qələbəyə həsrətdi. Hay-küylə gətirilən Aleksey Baqa Azərbaycanda qələbə üzü görməyib, komandasındakı böhranı çözə bilmir. Nəticələr göstərir ki, bu komandanın son illərdəki uğurlu çıxışı sabiq baş məşqçi Ayxan Abbasovun xidməti imiş. Eyni büdcə, daha yaxşı heyətlə nəticələr pisləşibsə, rəhbərliyi və Baqanı günahlandırmalıyıq.

“Qəbələ”nin problemləri klubdaxili ab-havayla bağlıdı. Elmar Baxşıyev rəhbərlikdən lazımi dəstəyi görməyincə tək qalıb və kollektivi idarə etməyi bacarmır. Uğursuzluq birbaşa baş məşqçinin adını gündəmə gətirir. Eyni heyətlə qışa kimi fərqli, qışdan sonra bir başqa nəticələrə imza atılırsa, bəhanəyə gərək yoxdu.

Son günlər mətbuatda “Qəbələ”də 2 aydı maaşların verilməməsi barədə xəbərlər peyda olub. Sanki klub bununla bəraət axtarır, AFFA-nın maliyyəni yubatmasının nəticələrdə böyük rol oynadığını qabartmağa çalışır. Amma bu da artıq prezident Fariz Nəcəfovun günahıdı. O, klubun ruhunu satanda bugünkü uğursuzluqların təməlini atmışdı. Prezident problemləri həll, maliyyəni təmin edə bilmirsə, deməli, uğursuzdu. Büdcəni AFFA-dan təmin etməyə razılaşarkən Nəcəfov, bu günləri də düşünməliydi – Elxan Məmmədovun dostluğu ipi əlinə keçirənə kimi olur, çətin məqamda qurbanını arxasınca sürüyür. “Keşlə”nin, “Səbail”in, “Sumqayıt”ın yox, məhz “Qəbələ”nin maliyyəsi yubanırsa, deməli, Fariz bəy aldadılıb/aldadılır.

Hazırkı turnir cədvəli başqa reallığı da ortaya qoyur. İstər ümumi, istərsə də 2022-ci ilin turnir cədvəlində ilk və ikinci “dördlüklər”də eyni komandalar qərarlaşıb. Liderlər müstəqil idarə edilənlər, autsyderlər AFFA-ya tabe olanlardı. Assosiasiyanın yarıtmaz fəaliyyəti, uğursuz kadr seçimləri burada da özünü göstərir. Düzdü, yuxarıdakı komandalardan “Neftçi” də SOCAR xəttiylə maliyyələşir, amma flaqman Elxan Məmmədovun oyuncağı olmayacaq qədər böyük klubdu, hər nə qədər təsirlər olsa da, müstəqilliyi tam əlindən alınmayıb.

FƏRİD

Shares: