Cüdo təsərrüfatında birşeylər baş verir. Sanki hesablaşma bitməyib, sabiqlərlə yenilər eyni nöqtəyə vurmur.

Səhər saatlarında yayılan xəbər bur anda gündəm oldu. Belə ki, cüdo üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən, müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançının qidadan zəhərləndiyi açıqlandı. Olayla bağlı Göygöl rayon prokurorluğundan “Operativ Media”ya bildirmişdilər ki, həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar, faktla bağlı araşdırma aparılır.

Az sonra növbəti açıqlama gəldi və ilk təzad ortaya çıxdı. Sən demə, idmançılar evə buraxılmayıb, toplanış keçirilən düşərgəyə qaytarılıb.

“Burada ciddi bir şey baş verməyib. Həmin cüdoçular məşqlərini davam etdirir” – bunu “Report”a açıqlamasında Göygöl Olimpiya İdman Kompleksinin direktoru Mövlud Mirəliyev 15 cüdoçunun zəhərlənməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən dedi.

Azərbaycanın əsas yığmasında böyük məşqçi olan mütəxəssis idmançıların durumlarının yaxşı olduğunu bildirib: “Xəstəxanada sistem vurulduqdan sonra cüdoçular məşqlərə qayıdıblar. Dünən xəstəxanaya getmişdilər, bir saata da geri döndülər. Qida Təhlükəsizliyi Agentlindən də nümayəndə gəlib, ciddi problem yoxdur. Uşaqlar məşqdə tərləyiblər, su içiblər, sonra təcili tibbi yardım çağırılıb, xəstəxanaya gedəndə məlum olub ki, problem yoxdur. Xəstəxanada baş həkimlər dedi ki, burada zəhərlənmə yoxdur. Zəhərlənmə kimi göstərilsə də, orada belə şey olmayıb”.

Baş həkimlər, həkimlər, yoxsa baş həkim? Bu, öz yerində. Tərləyən uşaqların hamısının su içdikdən sonra xəstəxanalıq olması özü başqa bir təzad. Zəhərlən(məy)ən bu qədər insanın hamısına sistem vurulması da müəmma dalğasının davamıdı.

Nəsə baş verib, əks halda, 15 nəfər eyni vaxtda xəstəxanaya aparılmazdı. Onların tez bir zamanda geri göndərilməsi də düşündürücüdü. “Həkimlər dedi ki, burada zəhərlənmə yoxdur. Zəhərlənmə kimi göstərilsə də, orada belə şey olmayıb” – bu açıqlama da qarışıqdı. Zəhərlənmə kimi göstərən kimdi, zəhərlənmə olmadığını deyən kim? Tərləyən 15 nəfərin hamısının (!!!) su içməklə bu vəziyyətə düşməsi mümkünsüzdü. Mütləq qaranlıq saxlanılan hansısa məqam var.

Sanki kimlərsə zəhərlənmə faktını ictimailəşdirməyə, digərləri isə hadisəni ört-basdır etməyə çalışır. Azərbaycan Cüdo Federasiyasının rəsmi açıqlamasından sonra şübhələrimiz bir az da artdı:

“30 aprelə qədər davam edəcək təlim məşq toplanışında məqsəd 6-8 may tarixlərində keçiriləcək 15-ə yaşa qədər yeniyetmələrin Azərbaycan birinciliyinə regiondan olan cüdoçuları yüksək səviyyədə hazırlamaq və onların Bakı və Sumqayıtdan olan həmyaşıdları ilə rəqabət səviyyələrini yüksəltməkdir. Təlim-məşq toplanışı təşkil edilərkən Azərbaycan Cüdo Federasiyası tərəfindən Göygöl Olimpiya İdman Kompleksinin seçilməsi təsadüfi deyil. İndiyə qədər Azərbaycan Cüdo Federasiyası adıçəkilən idman kompleksində dəfələrlə müxtəlif yaş qrupları üçün təlim məşq toplanışları və yarışlar təşkil edib və göstərilən xidmət həmişə yüksək səviyyədə olub. Təlim-məşq prosesi zamanı bəzi idmançılar özlərini pis hiss etdiklərindən onlar müayinə üçün Göygöl rayon xəstəxanasına aparılıblar və onlara ilkin tibbi yardım göstərildikdən və hərətəfli müayinə göstərildikdən sonra idmançılar yenidən Göygöl Olimpiya İdman Kompleksinə qayıdıblar. Həmçinin, onlardan götürülmüş nümunələr test üçün laboratoriyaya göndərilib. Hazırda idmançıların səhhəti yaxşıdır və sağlamlıqlarına heç bir təhlükə yoxdur. Yeniyetmə cüdoçularımız cari qrafik üzrə məşqlərini davam etdirilər.

Eyni zamanda qeyd etməliyik ki, Göygöl Olimpiya İdman Kompleksi ilə aramızda imzalanan müqaviləyə əsasən, idmançıların qidalanmasının qida təhlükəsizliyinə uyğun şəkildə həyata keçirilməsini qarşı tərəf təşkil edir. İdmançılarımızın sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Cüdo Federasiyasının ən ümdə vəzifələrindəndir və biz bu məsələyə ən ciddi şəkildə yanaşırıq. Bununla əlaqədar olaraq, məsələnin tam araşdırılması və idmançıların özlərini pis hiss etmələrinin səbəblərinin müəyyən edilməsi üçün federasiya dövlət orqanları ilə əməkdaşlıq edir. Sözügedən məsələ ilə bağlı əlavə məlumatlar olduğu halda ictimaiyyəti məlumatlandıracağıq”.

Test nümunələrinin laboratoriyaya göndərilməsi faktı federasiyanın araşdırmada maraqlı olduğunu göstərir. Deməli, təxribat şübhələri də mövcuddu. Dövlət orqanları ilə əməkdaşlığın vurğulanması təsadüf ola bilməz.

Qurumun məsuliyyəti kompleks rəhbərliyinin boynuna qoyması da diqqətdən yayınmamalıdı: “İdmançıların qidalanmasının qida təhlükəsizliyinə uyğun şəkildə həyata keçirilməsini qarşı tərəf təşkil edir”.

Göründüyü kimi, Mirəliyev hadisənin böyüməməsinə çalışdığı halda, federasiya bir az da ictimailəşdirir. Səs-küy yaradan olayın “Sudan səbəb”lə yola verilməsi kimlərinsə marağında deyil. Əslində, belə də olmalıdı. Çünki hadisə maraqlı ssenariylə davam edib.

Xatırladaq ki, Mirəliyev federasiyanın keçmiş rəhbərliyinin kadrı sayılır. O, Olimpiadadakı uğursuzluqdan sonra milliyə baş məşqçi təyin edilsə də, qısa müddət keçincə federasiyada islahat aparıldı, yeni rəhbərlik onu əcnəbi mütəxəssis Riçard Trautmanla əvəzlədi. Olimpiya medalçısı olan Mövlud bəyin xidmətləri nəzərə alınaraq, böyük məşqçi kimi fəaliyyətini davam etdirməsi lazım bilindi. Eyni zamanda kompleks rəhbəri olan Mirəliyevin indi bu olayda gündəmə gətirilməsi hesablaşma məqsədli ola bilər.

Prosesi izləyəcəyik.

CAVAD

Shares: