Futbol üzrə Ukrayna Premyer Liqasında 2021/22 mövsümü vaxtından əvvəl başa çatdırılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Ukraynadakı hərbi vəziyyətlə əlaqədar dayandırılan çempionatın vaxtından əvvəl başa çatdırılması qərara alınıb. Qərara əsasən, Donetsk “Şaxtyor”u çempion elan edilib. Kiyev “Dinamo”su 2-ci, “Dnepr-1” komandası isə 3-cü yeri tutub. Qaliblərin mükafatlandırılmayacağı bildirilib.

Müvafiq qərar təsdiqlənmək üçün Ukrayna Futbol Assosiasiyasının İcraiyyə Komitəsinə göndərilib.

Xatırladaq ki, Ukrayna çempionatında bu mövsümün 18 turu keçirilmişdi. 18 turdan sonra 47 xalı olan Donetsk “Şaxtyor”u birinci, Kiyev “Dinamo”su 45 xalla 2-ci, “Dnepr-1” isə 40 xalla 3-cüdür.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Shares: