Türkiyə mediasında “Qarabağ”ın “Ankaragücü”nə icarəyə verdiyi futbolçusu Ovusu Kvabenanın Türkiyə təmsilçisinə birdəfəlik transfer olunacağı barədə məlumatlar yayılıb.
Futbolinfo.az xəbər verir ki, həmçinin qardaş ölkənin bir neçə klubunun icarə müddəti mövsümün sonunda başa çatacaq 24 yaşlı hücumçunu heyətinə qatmaq istədiyi də iddia olunub.
Məsələ ilə əlaqədar “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında qanalı forvard üçün hələlik heç bir rəsmi təklif almadıqlarını deyib:
“Ovusu ilə bağlı konkret bir söz demək olmur. Çünki onun üçün hələlik heç bir rəsmi təklif almamışıq. Kvabenanın “Qarabağ”la 2023-cü ilədək müqaviləsi var. O, mövsümün sonunadək “Ankaragücü”nə icarəyə verilmişdi. Qaydalara görə, yayda “Qarabağ”a qayıtmalı, komandamızın düşərgəsinə qoşulmalıdır. İcarə müddətinin uzadılması və ya transfer ilə bağlı hər hansı bir təklif olarsa, bu barədə danışmaq olar. Hazırda heç bir təklif yoxdur.”.
Qeyd edək ki, Kvabena 2020-ci ildə “Leqanes”dən Ağdam təmsilçisinə keçib. O, 2021-ci ildə “Ankaragücü”nə icarəyə verilib.