Deyəsən, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun yükü ağırdı. O, təyinat aldığı yeni vəzifədə fəaliyyətə başlamaq üçün Parisə köçərkən gücü çatan hər şeyi özüylə aparır.
Ötən il qısa bir müddətdə rayon-rayon gəzib hədiyyə paylayan, istismara yararsız, klublar tərəfindən geri qaytarılan topları uşaqlara paylayıb baş aldadan Məmmədov, zamanla hiyləsinin baş tutmadığını anladı. Ona dövlət strukturlarında vəzifə pilləkənlərini qalxmaq qismət olmadı, yalanları işə yaramadı və qaçmağın planlarını cızdı.
Amma onun vaxtında start götürən bəzi layihələr davam edir. İş görüntüsü yaratmaq, könüllərini almaq üçün uşaqlara paylanan hədiyyələr nədənsə Məmmədovun gedişi ilə qeybə çəkilib. Qaliblərə hədiyyə kimi verilən çantalar boş çıxmağa başlayıb.
Xaçmazdan olan həmkarımız Elxan Yusiflinin sosial şəbəkədə yazdıqları bunun sübutudu: “Dünən Xaçmazda “Coca-Cola Məktəbli Kuboku” turnirinə yekun vuruldu. Yarışda 89 məktəbin komandası mübarizə aparırdı.
Yarışın yarasız meydançada keçirilməsini qoyaq bir yana, amma mükafatlandırma mərasimində turnirin qalibi olan məktəblilərdən çox utandım. Uşaqlara mükafat olaraq “Coca-Cola” loqolu BOŞ çantaları təqdim etdilər. Hər çantanın küncündə yalnız 300 qramlıq 1 ədəd su qabı vardı. (Yalnız komandanın rəhbərinə verilən çantada bir top və idman geyimi vardı) Bu nə adlı-sanlı sponsora, nə də AFFA-ya yaraşan təqdimat deyil. Amma AFFA-nın səhifəsində Bakıda mükfatlandırma mərasimindən paylaşılan fotolarda gördüm ki, əslində çantaların içərisində nəsə olmalı imiş. Deməli, rayona gəlib çatana kimi çantaları yolda boşaldıblar. Ya da mükafat kimi ayrılan ləvazimatları rayonda kimsə öz dükanında satmaq üçün mənimsəyib.
AFFA öz bayrağı altında keçirilən yarışlara nəzarət mexanizmini işlək etməlidir. Bu qədər qeyri-ciddi yanaşma futbola marağı olan uşaqlarda, onların valideynlərində böyük məyusluq yaradır. Uşaqlardan ayıbdır! Yox, əgər dogurdan da “Coca-Cola Məktəbli Kuboku” turnirinin qaliblər üçün ayırılan mükafat içərisində 1 ədəd su qabı olan balaca çantadan ibarətdirsə, mən bir valideyn və futbol həvəskarı kimi daha çox məyus olaram”.
Ümid edirik, “Coca-Cola” rəsmiləri də bu yazıya biganə qalmayacaq. İllərdi futbola kifayət qədər dəstək verən şirkət AFFA-dan bunun hesabatını istəməlidi. Məmmədovun Parisə apardığı çantaları da yoxlamaq lazımdı.