Ovusu Kvabena yayda “Qarabağ”a qayıdacaq. Müqavilə ilə Ağdam klubuna məxsus olan, hazırda “Ankaragücü”ndə icarədə olan hücumçu baş məşqçi Qurban Qurbanova lazımdı.
Futbolinfo.az xəbər verir ki, əsas heyətə düşməkdə çətinlik çəkdiyi üçün Türkiyə 1-ci liqa təmsilçisinə icarəyə göndərilən oyunçunun qardaş ölkədə qalmaq variantı var. “Qarabağ”a rəsmi təklif gəlməsə də, mətbuatda bu barədə kifayət qədər yazılır. Lakin futbolçu özü açıqlama verməkdən yayınır, mövsümün bitimini gözləyir.
Qurbanovsa yeni avrokubok mövsümü üçün geniş heyət toplamaqda qərarlıdı. Bu üzdən o, hələ cəmi 24 yaşı olan qanalını heyətdə görmək istəyir. Vazkeçilməz təklif olmayacağı halda hücumçu çıxışını “Qarabağ”da davam etdirəcək.
Ovusu “Ankaragücü”ndə yaxşı mənada seçilməyi bacarıb. 20 matça 7 qol (kubokda 2 oyuna 3 qol) vuran forvard Türkiyənin bir neçə klubunun maraq dairəsindədi.