Patrik Andradeni heyətdə saxlamağa çalışan “Qarabağ” arzusuna çatmaq üzrədi. Müqaviləsi başa çatan, başqa ölkələrdən aldığı təklifləri dəyərləndirmək istədiyi deyilən kabo-verdeliylə bağlı vəziyyət dəyişib.
Əslində, yarımmüdafiəçini “Qarabağ”dan getməyə həvəsləndirən aldığı təkliflərin cazibədarlığıdı. Türkiyədən və ərəb klublarından gələn dəvətlər malyyə baxımından daha sərfəli olduğundan Patrik getmək istəyinə düşmüşdü. Hazırkı klubunda maaşından başqa hər şey ürəyincə olan Andrade, nəhayət, ortaq məxrəcə gəlmək üzrədi.
Klub açar oyunçulardan birini itirməmək üçün onun maaşını artırmağa razılaşıb. Təbii ki, futbolçu da müəyyən güzəştə gedib. Yeni müqavilə ilə bağlı tam anlaşma olmasa, şərtlər arasındakı fərq əriyib – həm klub indiki əməkhaqqını qaldırmağa razılıq verib, həm də futbolçu tələblərini azaldıb. Tezliklə hər iki tərəfi razı salacaq ortaq nöqtə tapılması gözlənilir.
Bizdə olan bilgiyə görə, “Qarabağ”dan illik 300 min dollar maaş alan futbolçu ilk olaraq bu məbləğin ikiqat artırılmasını tələb edirmiş. Danışıqlardan sonra məbləğ 450 minə qədər endirilib, klub isə 400 minə razıdı.