AFFA rəhbərliyinin bölgə futboluna münasibəti dəyişməyib. İctimai təzyiqdən sonra gələn mövsümdən Premyer Liqa klublarının sayı “Kəpəz” və “Turan Tovuz”un hesabına artırılacaqsa da, bu, assosiasiyanın məcburi addımıdı.
Bir neçə gün öncə AFFA-da Qərb klublarının rəsmiləri ilə görüş keçirilib. Və onlara yeni mövsüm üçün komanda formalaşdırmaq tapşırılıb. Bölgə təmsilçiləri bunu 500 min manat qarşılığında etməlidi. Qurumdan klublara illik yalnız bu qədər vəsait ayrıla biləcəyi deyilib.
Bu fakt göstərir ki, AFFA “Kəpəz”lə “Turan Tovuz”a yenə barmaqarası münasibət göstərəcək, onlara yalnız futbol coğrafiyasının gemişləndirilməsini göstərmək üçün vasitə kimi baxır. AFFA-dan maliyyələşən digər klublara minimum 2-3 milyon manat ayrıldığı halda, Qərb təmsilçilərinə ögey münasibət göstərilir. Azərbaycan futboluna heç bir xeyri olmayan “Səbail”, farsların, dağıstanlıların, rusların, ukraynalıların oylağına dönən biznes obyekti “Sumqayıt”, hər transfer dövründə onlarla futbolçunun gətirilib-göndərildiyi “Keşlə”/“Şamaxı” milyonları havaya sovurarkən ənənələri olan, istedadları ilə məşhur şəhərlərimiz yetimpayına layiq bilinir. Bu büdcə hətta öz sponsoru olan “Sabah”a yardım kimi ayrılan vəsaitdən də azdı.
500 min manatın bir hissəsinin uşaq komandalarına, digər işçilərə, cari xərclərə gedəcəyini nəzərə alsaq, əsas komandaya 200-300 min manat qalacaq. Bu isə həmin komandalarda futbolçuların təqibən 1000 manat maaş alacağı deməkdi. Sizcə, bu məbləğə oynamağa razılaşacaq oyunçularla normal komanda qurmaq olarmı?
Ən maraqlısı, bu vəziyyətdə AFFA-nın legioner limitində dəyişikliyə hazırlaşmasıdı. Yuxarıda qeyd etdiyimiz məbləğə hətta sıradan azərbaycanlı futbolçu Gəncə və Tovuzda oynamaz, o i qaldı legioner ola. Deməli, AFFA-dan böyük dəstək görən komandalar, eləcə də digər iddialılar ciddi şəkildə güclənəcəyi halda, “Kəpəz”lə “Turan Tovuz” başıqapazlı, rəzil durumda olacaq. Bölgə futbolunu qayğı budurmu?
AĞA