“Neftçi”nin yetirməsi İsmayıl Zülfüqarlı klubun rəsmi saytına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, komandaya daha çox kömək edə biləcəyini düşündüyünü deyən gənc futbolçu azarkeşlərin dəstəyinin futbolçuları oyundan-oyuna qələbə qazanmağa həvəsləndirdiyini bildirib.

  • Ötən mövsüm cəmi 2 matçda əsas komandanın formasını geyinsən də, bu mövsüm artıq 13 Premyer Liqa oyununda meydana çıxmısan, hətta 1 qol və 4 məhsuldar ötürmə ilə də yadda qalmısan…
  • Bəli, düzdür, keçən mövsüm yalnız 2 oyunda meydana çıxdım ki, bu da Samir müəllimin gəlişindən sonra oldu. Yay hazırlığından sonra baş məşqçimiz mənə daha çox oynamaq şansı verdi. Mən də bacardığım qədər çox şans qazanmağa çalışıram. Mübarizəni sevdiyim üçün daha çox oynamağa çalışmaq həm də mənim üçün əlavə motivasiyadır.
  • “Səbail”lə son oyundakı qələbədə sənin də böyük payın var. Məhz sənin cərimə meydançasına asmandan sonra top qapı tirinə dəyib Yusuf Lavalın başla qol ötürməsinə səbəb oldu. Öz oyunundan razısanmı?
  • Həm qələbə qazandığımıza, həm də bunda mənim az da olsa, payımın olduğuna sevinirəm. Düşünürəm ki, komandama daha çox kömək edə bilərəm. Bunun üçün çalışıram və oyundan-oyuna daha yaxşı olacağına inanıram.
  • Qarşıdan Azərbaycan kubokunun yarımfinal oyunu gəlir. Səncə, “Zirə” ilə cavab matçında qalib gəlib finala vəsiqə qazana biləcəyikmi?
  • Mən “Neftçi”nin yetirməsiyəm və bilirəm ki, bu klubun kubokdakı hədəfi final yox, çempionluqdur. Bunun üçün sona qədər mübarizə aparacağıq.
  • “Neftçi”nin uğurlu seriyanı davam etdirməsində azarkeşlərimizin də rolu böyükdür. Onlara sözün varmı?
  • “Neftçi” deyəndə, həmişə azarkeşlərin dəstəyi də yada düşür. Bu isə bizi oyundan-oyuna qələbə qazanmağa həvəsləndirir. “Əynimdə formam, boynumda şərfim, bitməyəcək sənin ağ-qara sevgin!” sözləri heç vaxt tribunalardan əskik olmasın.
Shares: