AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov ölkə futbolunu Parisdən idarə etməkdə qərarlıdı. Bu səbəbdən yeni təyinatından irəli gələn vəzifələri yerinə yetirmək üçün səfərə çıxmamış burada vəziyyəti nizamlamağa çalışır. Vəkili Sərxan Hacıyevin öhdəsindən gələ bilməyəcəyi məsuliyyətli işləri yekunlaşdırmaq, “maşın”ı işlək halda ona tapşırmaq istəyir.
Bu səbəbdən AFFA İcraiyyə Komitəsinin iclası təyin edilib. Bir neçə saatdan sonra qurum növbəti tədbirini keçirib Məmmədovun ssenarisini reallaşdırmalıdı. Gündəlikdə aşkar yazılan və “Digər məsələlər” bəndində gizlədilənləri…
Bakı Olimpiya Stadionunda baş tutacaq iclasda ilk məsələ “Birinci Divizionda çıxış edən komandalarla bağlı müzakirə”di. Doğrusu, məsələnin qoyuluşu dəqiqlik tələb edir, amma natamamdı. Söhbətin növbəti mövsümdə Premyer Liqaya buraxılacaq komandalardan, yoxsa ümumiyyətlə, liqanın durumundan getdiyi bəlli deyil. Hər halda, Lisenziyalaşdırma Qrupu rəsmi qərar vermədiyindən yəqin ki, “Turan Tovuz”la “Kəpəz” haqda konkret açıqlama olmayacaq.
Ümumiyyətlə, AFFA-nın divizionla bağlı planlarını açıqlaması maraqlı olar. 2 komanda elitaya yüksələcəksə, aşağı dəstənin iştirakçılarının sayı ilə bağlı suallar yaranacaq. Yarışı yalnız əvəzedicilərin ümidinə buraxmaq olmaz. Yəqin ki, Region Liqasının bəzi komandalarının peşəkar statuslu yarışa buraxılmasıyla bağlı müzakirələr və qərar olacaq.
İclasda “Legioner limitinin müzakirəsi” də nəzərdə tutulub. Əslində, qərar verilib, indi onu rəsmiləşdirmək qalır. AFFA bəzi klub rəsmilərinin çaldığı havaya oynayaraq “6+5”-i “7+4”-ə və ya “8+3”-ə dəyişəcək.
Limit məsələsi həmişə ortaya çıxanda ciddi müzakirə mövzusu olur, həm tərəfdarları, həm əleyhdarları mövqeyini arqumentlərlə əsaslandırmağa çalışır. Bizim üçün isə önəmli olan 2 məqam var:
…birincisi, hər dəfə “səviyyəli əcnəbilər Azərbaycana gəlmək istəmir” deyənlər hansı haqla indi legioner limitinin artırılmasını istəyir? Məgər say artanda həvəslə gələcəklər? Yoxsa sayın artması menecerlərlə şərik işləyən klub rəsmilərinin öz ciblərini doldurmaq üçün lazımdı?
…ikincisi, niyə yalnız Azərbaycanda ümumi legioner sayına limit yoxdu? “7+4”, hətta “8+3” olsun, əvəzində klubların mövsüm ərzində gətirə biləcəyi əcnəbi sayına da hədd qoyulsun, məsələn, kimsə bir mövsümdə 12 və ya 15 əcnəbidən artığını sifariş edə bilməsin. O zaman hər transfer dövründə 5-6 əcnəbinin gətirilib, bir o qədərinin də yola salınmasının, büdcənin dağıdılmasının qarşısı alınar, klublar sonadək güvənəcəkləri səviyyəli futbolçular transfer edər. Bundan başqa, cari mövsümün gedişində bəzi klublar transfer dövründən kənar zamanda xeyli əcnəbi gətirdi və bu, turnir vəziyyətinə təsir etdi. Sözügedən limit olsa, ədalətli rəqabət prinsipi də təmin edilər.
AFFA İcraiyyə Komitəsi limiti müzakirə edərkən bu məqamlara diqqət etməli, klubların diqtəsi ilə qərar verməməli, əks-tələblə çıxış etməlidi. Əgər o qurumda Azərbaycan futbolunun, milli komandanın inkişafını düşünən insanlar varsa…
“Azərbaycan çempionatında əvəzetmə sayının artırılması” ilk baxışdan müzakirəsinə gərək duyulan məsələ deyil. Belə ki, əksər ölkələrdə 5 əvəzetmədən istifadə edilir. Amma bizdə komandalar arasında kəskin səviyyə fərqi olduğundan, bu məsələdə ehtiyatlı davranılmalıdı. İddialı komandaların hətta 10 əvəzetmə üçün futbolçusu var, digərlərinin əksəri isə 10-15 normal futbolçudan ibarətdi. Bu, çempionatın gedişi zamanı Premyer Liqa iştirakçıları arasındakı rəqabətə daha da zərbə vuracaq, komandalar arasında kəskin səviyyə fərqi, nəticələr arasında uçurum yaranacaq.
Dəqiq olmayan informasiyaya görə, İK gənc oyunçu limitinin ləğvini də müzakirə edəcək. Gənc oyunçu yetişdirməyi unudan, yalnız legionerlər hesabına müvəqqəti uğur qazanmaq istəyən bəzi klublar təkliflərində israrlıdı. Əvvəla, AFFA-nın indiki rəhbərliyinin 15 il ərzində verdiyi yeganə – gənc oyunçuların mütləq start heyətə salınması ilə bağlı – düzgün qərar qüvvədə qalmalıdı. Yox, dəyişdiriləcəksə, o zaman artırılan əvəzetmə limiti məhz gənclər üçün nəzərdə tutulmalıdı: meydana çıxacaq 5 oyunçudan ikisi mütləq gənc olmalıdı.
“AFFA-nın Yoxlama və Təftiş Komitəsi ilə bağlı müzakirə” bəndində nələrin gizləndiyini qərarlar açıqlananda biləcəyik. Amma gündəm yaradacaq hansısa məsələ ortaya çıxsa, təəccüblənməməliyik. Bəlkə AFFA-da aylardı aparılan maliyyə yoxlamalarına elə bu müzakirə işıq tutacaq.
Həmişə olduğu kimi, yenə “Digər məsələlər” bəndi ən önəmli hissədi. Burada ictimai müzakirədən yayınmaq üçün Gündəlikdə göstərilməyən çox məsələ yer ala bilər. Elxan Məmmədov 2 gündən sonra icraçı vitse-prezident postuyla rəsmən vidalaşmalıdı. Onun Konfranssız, Nizamnamədə dəyişiklik edilmədən adi vitse-prezidentə necə çevriləcəyi bizə də maraqlıdı. Ümumiyyətlə, icraçı vitse-prezident postu niyə və necə ləğv olunacaq?
Elxan bəy gethagetdə çox məsələni yoluna qoymağa, onlayn-idarəetmə sistemini qurmağa çalışacaq. Paris reysinə minməmiş bir suala da cavab versə, yaxşı olar: mövsüm boyu klublara yeni sponsor vasitəsi ilə daha yaxşı büdcə ayırılacağını vəd vermişdi, axırı necə oldu?..
VÜSAL MAHMUDOV