Ukraynanın “Dinamo” (Kiyev) və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandaları arasında xeyriyyə oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, Zaqrebdəki “Maksimir” stadionunda keçirilən qarşılaşma məhsuldar alınıb.
Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2. Oyunun start fitindən öncə Ukraynadakı müharibə səbəbindən dünyasını dəyişən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Bilet satışından əldə edilən bütün gəlir müharibədən əziyyət çəkən insanlara sərf olunacaq. Rəsmi açıqlamaya görə, qarşılaşmanı 4909 azarkeş izləyib.
Xorvatiya təmsilçisinin formasını geyinən Mahir Emreli bu görüşdə iştirak etməyib. Çiyni çıxan azərbaycanlı hücumçu hazırda zədəsini sağaltmaqla məşğuldur.