AFFA İcraiyyə Komitəsinin sabahkı iclasında bir sıra önəmli qərar veriləcək. “Futbolinfo” onlardan ikisini indidən dəqiqləşdirib. Belə ki, İK üzvlərinə bir-bir zəng vurulub, onlara qəbul ediləcək qərarlar barədə məlumat və “təlimat” verilib.

Son anda planda dəyişiklik olmasa, Premyer Liqada legioner limiti artırılacaq, “8+3” şəklində olacaq. İndiyədək start heyətində 6 əcnəbi meydana çıxa bilirdisə, gələn mövsümdən bu say iki vahid artacaq. “7+4” variantı da müzakirə edilir, lakin bugünə olan qərar “8+3”-dü.

Digər önəmli qərar bütün ssenarinin müəllifi Elxan Məmmədovla bağlıdı. FIFA-da vəzifə alandan sonra icraçı vitse-prezident kimi fəaliyyət göstərməsi mümkünsüz olan Məmmədova görə Nizamnaməni növbəti dəfə dəyişəcəklər. Elxan bəy üçün bir il öncə “təsis olunmuş” icraçı vitse-prezident postu ləğv ediləcək, o, işinə ictimai əsaslarla sıravi vitse-prezident kimi davam edəcək.

Təbii ki, Nizamnamədə dəyişiklik etmək İcraiyyə Komitəsinin səlahiyyətinə aid məsələ deyil. Sabahkı iclasda məsələ müzakirə olunacaq və təsdiq üçün Konfransa təklif olunacaq. Konfrans baş tutanda bu təklifə müsbət cavab veriləcəyi qətiyyən şübhə doğurmur.

Shares: