22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi mayın 20-də Kosovoda start götürəcək Avropa çempionatının 2-ci təsnifat mərhələsi üçün təlim-məşq toplanışına başlayıb.

Futbolinfo.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, üç gün davam edəcək yarışın hazırlıq prosesinə 14 voleybolçu cəlb olunub. Toplanışa baş məşqçi Eldar Əliyev rəhbərlik edir. Ona Akif Vəliyev, Fərid Cəlalov və Ruslan Motorin kömək edirlər.

Bakıda təşkil olunan təlim-məşq toplanışı “Murov” Voleybol Klubunun və “Sərhədçi” Olimpiya İdman Mərkəzinin idman zallarında keçiriləcək.

Qeyd edək ki, Azərbaycan yığması AVRO-2022-nin təsnifat oyunlarında E qrupunda Kosovo, Niderland və Slovakiya milliləri ilə mübarizə aparacaq.

Shares: