Sərsəm təkliflərin əvəzinə bizim qeydləri nəzərə aldığınız üçün təşəkkürlər, AFFA!
İcraiyyə Komitəsi son illərdə ilk dəfə jurnalist araşdırmalarına, mütəxəssis fikirlərinə önəm verdiyini, bütün yazılanları oxuduğunu çılpaqlığı ilə göstərdi. Düzdü, bunu keflərindən etmədilər. Öz beyinləri ilə uçurumun dibinə düşdüklərinin fərqindədilər. Dəfələrlə dediklərimizin zamanla isbatlandığına şahid olduqlarından, bu dəfə sözə qulaq asdılar və əmin olun ki, faydasını görəcəklər.
Qərarların detallı incələnməsinə başlamadan qeyd edək ki, bu, həm də AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun rəqiblərinə əzələ nümayişi idi. Göstərmək istədi ki, hələ də işimin başındayam, qərarları mən verirəm. Bəlkə də klubların istəyinə qarşı himayədarlarından hansısa dəstək aldı və İK-nı belə qərarlara imza atdırdı.
AFFA İcraiyyə Komitəsi bütün proqnozları alt-üst etdi. Dünən gecə komitə üzvlərinə bir-bir zəng edib limitin “8+3” şəklində olacağını diqtə edənlər yarım sutka ərzində planları dəyişdi. Kabinet məsləhətləşmələri, ictimai rəyin nəzərə alınmasının yekununda qərarlar tam fərqli oldu.
Qərarlarla bağlı yazılan xəbərdə Elxan Məmmədovun vitse-prezident kimi təqdim olunması təsadüfi deyil. Bu şəxs artıq icraçı vitse-prezident deyil, Konfransadək belə olacaq. Lakin bu, qərar halında təqdim olunmur, hamının bildiyini elə hamının bildiyi kimi nümayiş etdirirlər.
AFFA-nın divizionla bağlı qərarları yaxşıdı. 2022/23-cü il mövsümündən etibarən 3 bölgə klubu – “İmişli”, “Mingəçevir” və “Araz Naxçıvan” Birinci Divizionda çıxış edəcək. Təbii ki, detallar maraqlıdı. Bu komandalar nə vaxt və necə formalaşacaq; maliyyə dəstəyi necə təmin ediləcək; maliyyəsi yetərli olmayan klubların əlavə xərcə düşüb Naxçıvana gediş-gəlişi necə reallaşacaq? Suallar çoxdu, lakin bunların həlli üçün zaman və imkan var.
Azərbaycan çempionatında legioner limitinin 6+5 sistemi ilə tətbiqinin davam etdirilməsi ən vacib qərardı. Yazılarımızda bu barədə çox bəhs etmişik, əlavə şərhə gərək duymuruq. Əvəzində Premyer Liqada gənc futbolçular üçün yaş limitinin ləğv olunmasını alqışlaya bilmərik. Böyük bir futbolçu dəstəsinin ciddi problemləri yaranacaq. Amma gələn mövsümdən elitada komanda sayının artırılacağını, limitin dəyişmədiyini nəzərə alsaq, həqiqətən bacarığı olanların kənarda qalmayacağını deyə bilərik.
Azərbaycan çempionatında əvəzetmə sayı da dəyişdirilmədi, 3 əvəzetmə sayı saxlanıldı. İddialı, heyəti geniş olmayan klubların xoşuna gəlməyəcək qərardı, amma klublar arasında kəskin fərq yaranmaması üçün bu qərar da başadüşüləndi.
AFFA-nın ən mühüm qərarı əcnəbi sayına hədd qoyulması ilə bağlıdı. Xüsusilə bu bəndə görə mətbuatın yazdıqlarını nəzərə aldıqlarına əminik. Belə ki, 2022/23-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə bilər. Hər növbəti əcnəbi üçün 50.000 (əlli min) AZN rüsum ödənilməlidi ki, komandaların bundan qaçacağı dəqiqdi. Azərbaycan çempionatında heç bir legioner üçün bu qədər xərcə düşməyə dəyməz.
Bu qərarla klublar israfdan qaçmağa, səviyyəli oyunçular seçməyə məcbur edilir. Daha legionerlər vaqonla gətirilib vaqonla yola salınmayacaq. Hətta 14 əcnəbi də 6 legionerin start heyətində oynadığı çempionatımız üçün çoxdu, görünür, avrokuboklara görə “Qarabağ” və digər klublarımız nəzərə alınıb. Eyni zamanda mövcud olan müqavilələr də unudulmamalıdı. Sayın 2023/24-cü il mövsümündən etibarən 12-ə endiriləcəyi bundan xəbər verir.
AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin hazırlanması qərarı tam anlaşılmır. Lakin bu qurum güman ki, Futbolun İnkişaf Fonduyla klublar arasında bundan sonrakı iş prosesinə görədi. Çünki klubların əksəriyyəti AFFA tərəfindən maliyyələşəcəksə, vəsaitin xərclənməsinə nəzarət emək lazımdı.
Ümumi götürdükdə, təkliflərimiz böyük ölçüdə qərarlarda əksini tapıb. İcraçı vitse-prezident postunun ləğvinin bilərəkdən başqa vaxta saxlanılması da anlaşılandı. Amma bu qərarların davamı gəlməlidi, İnkişaf Strategiyasını da hazırlamaq, tətbiq etmək lazımdı.
CAVAD