“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, penalti seriyasında uduzduqları (2:4) matçdan sonra bunları söyləyib:

“Alınmadı, nə edə bilərik? “Zirə”ni finala yüksəlməsi münasibətilə təbrik edirəm. İlk oyunla müqayisədə daha fəal və istəkli tərəf idik. İkinci hissəni və əlavə vaxtı meydanın rəqibə aid hissəsində keçirdik. Lakin “Zirə” yaxşı qapanmışdı. Çoxlu qol imkanımız olmasa da, təzyiqimizi qola çevirə bilməməyimizə üzülürəm. Özümüz üçün nə qədər üzücü olsa da, futbolçuları qınamalı bir məqam yoxdur. Futbolçularımdan həddindən artıq razıyam. Komandam ən yaxşı oyunlarından birini keçirdi. Ən yaxşı penalti vuranımız belə, hədəfdən yayına bilərdi. Bu, üzərində durulası məqam deyil. Komandamı təbrik etdim. Həddindən artıq istəkli idilər. Gələcəyə baxırıq. Daha da yaxşı olacağıq. Çox maraqlı bir şey var: pis oynadığımız görüşlərdə qalib gəlmişik. Burada isə yaxşı oynayıb uduzduq. Tyaqo Bezerra əlinə düşən qol imkanlarını dəyərləndirsəydi, bəlkə də sevinən tərəf biz olacaqdıq”.

Abasov “Neftçi”nin 85 illik yubileyində titulsuz qalmasına da toxunub: “Bunu istəməzdik. Həyat davam edir. Futbolda belə hallar da olur”.

“Neftçi”nin baş məşqçisi AFFA İcraiyyə Komitəsinin bu gün qəbul etdiyi qərarlara da münasibə bildirib. O, hər zaman limitə qarşı olduğunu söyləyib: “Qərarlarla tam tanış deyiləm. O vaxt da fikirləşirdim ki, bu, inkişafa mane olur. Həmin ərəfədə 2-3 jurnalisti çıxmaq şərti ilə, heç kim mənim fikrimlə razılaşmadı. Əməlli-başlı təzyiq oldu. İndi isə “Niyə limit ləğv olunmur” sualı verilir. Bu suallardan, qərarlardan danışası deyiləm. Bir dəfə fikir bildirdim, hamının patriotluğunu gördüm”.

Shares: